...

Azərbaycan və Türkiyə ulduzları “Sinema Güzeli Yarışması”nın milli seçiminin qaliblərini açıqlayıb (FOTO)

Mədəniyyət Materials 22 Yanvar 2018 20:16 (UTC +04:00)
Türkiyənin “Sinema Güzeli Yarışması” adlı II kinematoqrafiya gözəllik müsabiqəsinin milli seçiminin yekun gecəsi keçirilib.
Azərbaycan və Türkiyə ulduzları “Sinema Güzeli Yarışması”nın milli seçiminin qaliblərini açıqlayıb (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

“Pullman Hotels and Resorts”də Türkiyənin “Sinema Güzeli Yarışması” adlı II kinematoqrafiya gözəllik müsabiqəsinin milli seçiminin yekun gecəsi keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan və Türkiyənin tanınmış mədəniyyət və incəsənət xadimləri münsiflər heyətinin tərkibinə daxil olublar. Əfsanəvi aktyorlar Salih Güney və Tamer Karadağlı, tanınmış rejissor Avni Kütükoğlu, kino ulduzları Ceren Kaplakarslan və Vilma Elles, jurnalist Hakan Solaker və Atilla Kaplakarslan (münsiflər heyətinin sədri) xüsusi olaraq Bakıya gəliblər. Ölkəmizi layihənin Azərbaycandakı direktoru, teleaparıcı Vüsalə Səid Eyyubqızı, əməkdar aktrisa, İstanbul şəhər bələdiyyəsi yanında şəhər teatrlarının bədii rəhbərinin müavini Məlahət Abbasova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilova təmsil ediblər. Gecənin aparıcıları isə aktyor Tural Əhməd və teleaparıcı Günay Firudinqızı olublar.

Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer-dizayner Fəxriyyə Xələfova tərəfindən münsiflər heyətininn üzvlərinə “Nuray” ətirləri və əli işi olan qalstuk hədiyyə edilib. Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin inkişafına töhfə vermiş şəxslərə xatirə plaketləri təqdim olunub.

Müsabiqə iştirakçıları Azərbaycan Milli Geyim Mərkəzi və “Gulnara Khalilova” Moda evinin kostyum və paltarlarında münsiflər heyəti üzvlərinin qarşısına çıxıblar. Müsabiqənin şərtlərinə əsasən, milli seçimin iki qalibi olan oğlan və qız martda İstanbulda keçiriləcək “Sinema Güzeli Yarışması”nın final gecəsində iştirak edəcəklər.

Səhər Əkbər və Pərviz Musayev qalib seçiliblər. S.Əkbər “Lider TV”nin aparıcısı, Avstriyada “Miss Union-2017” beynəlxalq gözəllik müsabiqəsinin qalibidir. P.Musayev isə Azərbaycan Milli Konservatoriyasının Tar fakultəsinin üçüncü kursunun tələbəsidir. Onların sözlərinə görə, milli seçimin qalibləri olduqlarına görə özlərini xoşbəxt hiss edirlər və Türkiyədə uğur qazanmağa ümid edirlər. S.Əkbər enerjili qızı ekranda canlandırmağı arzu edir. P.Musayev isə daha çox dramatik rola həvəs göstərir.

İstanbulda keçiriləcək final gecəsində Azərbaycan, Türkiyə və Avropadan 14 oğlan və qız iştirak edəcək. “Sinema Güzeli Yarışması” müsabiqəsinin qalibləri türk filmlərində baş rollar alacaqlar.

Təşkilatçıların sözlərinə görə, əgər milli seçimin qalibləri İstanbulda finalda iştirak edə bilməsələr, onları münsiflərin seçdiyi Orxan Lütfipur və Nərmin Seyidova əvəzləyəcəklər.

Gecədə iyunda Kiprdə keçiriləcək “Miss Fashion TV” beynəlxalq gözəllik müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçı da seçilib. Bu, Pərvin Həsənzadədir.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az

Xəbər lenti

Xəbər lenti