...

Ramil Qasımovdan Milli Qurtuluş Gününə töhfə - “Vətən nəğməsi” (FOTO/VİDEO)

Mədəniyyət Materials 15 İyun 2018 16:57 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artisti, vokalçı Ramil Qasımov 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə “Vətən nəğməsi”ni ekranlaşdırıb.
Ramil Qasımovdan Milli Qurtuluş Gününə töhfə - “Vətən nəğməsi” (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artisti, vokalçı Ramil Qasımov 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə “Vətən nəğməsi”ni ekranlaşdırıb.

Uğurla baş tutan layihəylə bağlı təəssüratlarını Trend-ə bölüşən R.Qasımov, bunun çox böyük şərəf hissi yaşatdığını dilə gətirib: “Milli Qurtuluş Günü ilə əlaqədar belə bir layihənin uğurla həyata keçirilməsi bizlərə sevinc yaşadır. Bu mahnı 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəldiyi illərdə yazılıb. Mahnının musiqisi əbədiyaşar, görkəmli bəstəkarımız Tofiq Quliyevə, sözləri Vaqif Nəsibə məxsusdur. Bu gün mənim ifamda eşitdiyiniz bu möhtəşəm əsərin ilk ifaçısı ölməz sənətkarımız Rəşid Behbudov olub. Mahnıya müraciət etməkdə məqsəd təbii ki, doğma Azərbaycanımıza, Ümummilli Lider Heydər Əliyevə həsr olunan mahnıya yeni nəfəs vermək, onu müasir aranjimanda işləmək və müasir texniki imkanlarla bunun vizual həllini yaradıb milyonlarla tamaşaçıya təqdim etməkdir. Biz bu mahnını, layihəni uğurla işlədik və qürur duyuruq”.

Hazırlanan layihəni bu gün minlərlə tamaşaçı qarşısında nümayiş etdirən Ramil Qasımov deyib ki, “Vətən nəğməsi”nin çəkilişlərində Azərbaycan musiqi ictimaiyyətinin ən görkəmli nümayəndələri iştirak edib: “Bu layihə Azərbaycanın mədəniyyət, incəsənət xadimlərinin Milli Qurtuluş Gününə bir töhfəsidir. Mahnının sözlərində də belə bir cümlə var: “Sağ olsun yol göstərən, gör nələr yaratmısan”. Həqiqətən bu gün biz Azərbaycanımızın belə gözəlləşməsi, mədəniyyətimizin günü-gündən inkişafı üçün "sağ ol" deyirik. Və öz təşəkkürümüzü musiqilərimizdə, şeiriyyatımızda, ədəbiyyatımızda elan edirik. Mən də çalışdım ki, öz təşəkkürümü ifamla bildirim. Ümid edirəm ki, tamaşaçılarımız, dinləyicilərimiz “Vətən nəğməsi”nin ekran işini bəyənəcəklər. Fürsətdən istifadə edib bu layihədə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”.

Azərbaycan Dövlət Televiziyasının layihəsi olan “Vətən nəğməsi” Azərbaycan Milli Konservatoriyası ilə birgə həyata keçirilib. Layihənin ideya müəllifi Arif Alışanov, musiqi rəhbəri xalq artisti Siyavuş Kərimi, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Etibar Babayevdir. Əməkdar artist, vokalçı Ramil Qasımovun ifasında səslənən “Vətən nəğməsi”nin musiqisi mərhum Tofiq Quliyevə, sözləri Vaqif Nəsibə məxsusdur.

Layihədə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri, Cahangir Cahangirov adına xoru, xalq artistləri Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu, əməkdar artistlər Şirzad Fətəliyev, Ruslan Hüseynov, İsgəndər Ələsgərov iştirak ediblər. Layihənin səs rejissoru Faiq Babayevdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti