Bakı. Trend:
“Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli Sərəncamı”na uyğun olaraq hazırlanmış Tədbirlər planına əsasən fevral ayından başlayaraq bir çox ölkədə dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, yubiley tədbirləri çərçivəsində Rusiya Federasiyası Mordova Respublikasının Dövlət Musiqili Teatrının təşəbbüsü və Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Saransk şəhərində Qara Qarayevin “Yeddi gözəl” baleti səhnələşdirilib. Tamaşanın premyerası 16 sentyabr 2018-ci il tarixində baş tutub. Baletsevərlərin marağına səbəb olan tamaşa gənc və istedadlı azərbaycanlı dirijor Orxan Həşimovun rəhbərliyi ilə Saransk tamaşaçılarına yenidən təqdim olunub.
4 noyabr 2018-ci il tarixində Moskva şəhərində dünya şöhrətli balet ustası, SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərlik etdiyi “Русский балет” Dövlət Teatrının ifasında “Yeddi gözəl” baleti bir daha nümayiş olunacaq. Tamaşanın yeni redaksiyasını görkəmli baletmeysterlər, Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədova məxsus quruluş əsasında Azərbaycanın Əməkdar artisti Vitaliy Axundov hazırlayıb.
Qeyd edək ki, ilin sonunadək Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbirlərin davamı olaraq bəstəkara həsr olunmuş konsertlər, sərgilər, tədbirlər və yubiley gecələrinin keçirilməsi nəzərdə tutulub.