Bakı. Trend:
Nizami Kino Mərkəzində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının açılışı olub.
Trend-in məlumatına görə, festivalın təşkilatçısı Mədəniyyət, Gənclər və İdman nazirlikləri, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzidir. Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, “CinemaPlus” kinoteatrlar şəbəkəsi festivala təşkilati dəstək veriblər.
Festivalın direktoru Fehruz Şamıyev açılış mərasimində çıxış edərək tədbir barədə məlumat verib. Qeyd olunub ki, festival 35 yaşadək rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini nəzərdə tutur. Kinoforumun proqramı beynəlxalq, yerli, “Cinemobil” müsabiqə bölmələri, pitçinq və ustad dərslərindən ibarətdir. Festivala 45 ölkədən 490 qısametrajlı film təqdim olunub. Festivalın Təşkilat Komitəsinin təyin etdiyi üç nəfərdən ibarət Seçim Komissiyası bu filmlərin arasında beynəlxalq müsabiqənin proqramına 72 film daxil edib. Müsabiqənin qaliblərini beş nəfərdən - Ayaz Salayev və Zəhra Bədəlbəyli (Azərbaycan), Gülbara Tolomuşova (Qırğızıstan), Kambuzia Partovi (İran) və Tobias Büxnerdən (Almaniya) ibarət münsiflər heyəti qiymətləndirəcək.
Yerli müsabiqədə “Qızıl nar” mükafatı uğrunda mübarizə aparacaq filmləri üç yerli mütəxəssis – Mirbala Səlimli, Cavid Təvəkkül və İlqar Fəhminin daxil olduğu münsiflər heyəti seçəcək.
Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, bu il yaranmasının 120 illiyini qeyd edən Azərbaycan kinosu zəngin, şərəfli yol keçərək dünya kino sənətinin inkişafına töhfə verib. “Müstəqillik illərində Azərbaycan kinosunun inkişafı üçün geniş imkanlar açılıb. Filmlərimiz beynəlxalq festivallarda uğurla nümayiş olunaraq layiqli yerlər tutub, mükafatlara layiq görülüblər. Festivallar sırasında öz layiqli yerini tutan bugünkü tədbirə gənc kinematoqrafçılar böyük maraq göstərirlər. Təqdim olunan filmlərin sayının çoxluğu, eləcə də onların arasında xarici filmlərin üstünlük təşkil etməsi bunu bir daha sübut edir”, - deyə nazir müavini deyib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, 2004-cü ildən başlayan bu layihə gənclərin yaradıcı potensialının üzə çıxmasına geniş imkanlar açır. Ölkəmizin gənc kinematoqrafçılarının festivalda nümayiş olunan əsərləri gələcəkdə dünya kino sənətində layiqli yer tutacağına böyük ümidlər yaradır.
Tədbirdə münsiflər heyətinin üzvləri çıxış edərək festivalın iştirakçılarına uğurlar arzulayıblar.
Qeyd edək ki, filmlər Nizami Kino Mərkəzi və “CinemaPlus” kinoteatrları şəbəkəsində saat 12-dən 16-dək nümayiş olunacaq. Ekran əsərləri Azərbaycan dilində subtitrlərlə göstəriləcək.
Festival noyabrın 17-dək davam edəcək.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az