...

“Azərxalça”nın Goranboy və Tərtər filiallarında ilk xalçalar kəsilib (FOTO)

Mədəniyyət Materials 18 Mart 2019 15:15 (UTC +04:00)

Bakı. Trend:

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy və Tərtər rayonlarındakı filiallarında ilk xalçalar kəsilib.

Bu barədə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bu münasibətlə Goranboy filialında keçirilən tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri Vidadi Muradov iştirak edib.

Toxucularla görüşən Vidadi Muradov bildirib ki, ulu öndərimiz Heydər Əliyev tərəfindən xalçaçılığın inkişafı istiqamətində müəyyənləşdirilmiş strateji kurs Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanda xalçaçılıq sənətinin yaşadılmasının və onun ölkə iqtisadiyyatındakı rolunun əhəmiyyətini dərindən təhlil edən dövlət başçısı 2016-cı il mayın 5-də "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb. 2016-2017-ci illərdə “Azərxalça”nın 10 filialı fəaliyyətə başlayıb. Bu istiqamətdə görülən işlər 2018-ci ildə də davam etdirilib. Cənab Prezidentin müvafiq sərəncamlarına uyğun olaraq, Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində, Naxçıvan və Lənkəran şəhərlərində, Abşeron rayonunun Qobu qəsəbəsində, Qobustan, Şabran, Kürdəmir, Tərtər, Goranboy rayonlarında, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə filial binaları tikilərək istifadəyə verilib. Ötən ilin sonundan həmin filiallarda xalça toxunur.
Dövlət başçısının böyük qayğısı sayəsində yaradılan xalça fabriklərində toxunan xalçalar artıq “Azərbaycan brendi” kimi dünyaya ixrac olunur. Bu brend məhsullarla Azərbaycan təkcə maddi gəlir əldə etmir. Burada ölkəmizin mənəvi qazancı daha çoxdur. Çünki xalçalarla biz tariximizi, milli dəyərlərimizi, mədəniyyətimizi, xalq sənətkarlığımızı, xalqımızın təfəkkürünü bütün dünyada tanıdır və təbliğ edirik.

Bildirilib ki, Goranboy filialında, əsasən, Gəncə qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Gəncəbasar Azərbaycanın tarixi xalçaçılıq bölgələrindən biridir. Gəncə qrupuna Gədəbəy, Şəmkir, Gəncə, Daşkəsən, Göygöl, Samux, Goranboy kimi ərazilərdə toxunan xalça və xalça məmulatları daxildir. “Azərxalça”nın bu bölgədə iki filialı fəaliyyət göstərir. Onlardan biri 2017-ci ildə Şəmkir rayonunda, digəri isə ötən il Goranboyda yaradılıb.

Vurğulanıb ki, Azərbaycan toxucuları xalçanın kəsilməsi prosesinə xüsusi önəm verirlər. Əl əməyi, göz nuru ilə ərsəyə gətirilən xalçanın kəsilməsi toxucuların zəhmətinin son mərhələsidir. Ona görə də xalça kəsilməsini toxucular həmişə bayram əhval-ruhiyyəsi ilə xüsusi mərasim kimi qeyd ediblər. "Azərxalça"nın toxucuları əsrlərdir yaşadılan həmin ənənəni bu gün də davam etdirirlər. Xalça istehsalı emalatxanalarında toxunan xalçaların kəsildiyi gün toxucular üçün bayrama çevrilir. Milli bayramımız olan Novruz ərəfəsində bu tədbirin keçirilməsi isə toxuculara ikiqat bayram sevinci yaşadıb.

İdarə Heyətinin sədri “Azərxalça”nın Goranboy filialının toxucu kadr potensialının formalaşdırılması istiqamətində görülən işlərin istənilən səviyyədə olmadığını bildirib, istehsal prosesində keyfiyyət amilinə ciddi diqqət yetirilməsi barədə tapşırıqlar verib, kollektivi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Filialın direktoru Gülnaz Qurbanova, toxucu Zenfira Hacıyeva çıxış edərək onlar üçün yaradılan şəraitə görə kollektiv adından minnətdarlıqlarını bildirib və söz veriblər ki, keyfiyyətli xalçalar toxumaq üçün əllərindən gələni əsirgəməyəcəklər.

Sonra hazır xalçalar kəsilib.

İdarə Heyətinin sədri Vidadi Muradov “Azərxalça”nın Tərtər filialında toxunan ilk xalçaların kəsilməsi mərasimində də iştirak edib və toxucularla görüşüb.

Kollektivi Novruz bayramı münasibətilə təbrik edən Vidadi Muradov deyib ki, Tərtər toxucuları bu il ikiqat bayram əhval-ruhiyyəsindədir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində fəaliyyətə başlayan bu filialın Novruzda ilk xalçaları kəsilir.

Qeyd olunub ki, bu xalça istehsalı emalatxanası “Azərxalça”nın Qarabağda yaradılan növbəti filialıdır. 2016-cı ildə Füzuli rayonunun Horadiz şəhərində, 2017-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində “Azərxalça”nın filialları fəaliyyətə başlayıb. Bu filiallarda Qarabağın tarixi xalça çeşniləri əsasında xovlu xalçalar toxunur.

Burada çalışan toxucular da “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bilik və bacarıqlarını təkmilləşdiriblər. Sizin üçün filialda hərtərəfli iş şərati yaradılıb. Bütün bunlar əsas verir deyək ki, Tərtər filialında keyfiyyətli xalçalar toxunacaq.

Kollektiv adından çıxış edən toxucu Samirə Məmmədova xalçaçılığın yaşadılmasına göstərdiyi böyük diqqət və qayğıya, onlar üçün yaratdığı müasir şəraitə, əməkhaqlarının artırılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.

Sonra filialda toxunan ilk xalçalar kəsilib.

Qeyd edək ki, “Azərxalça”nın Goranboy və Tərtər filiallarının binası Prezident İlham Əliyevin 22 may və 25 iyul tarixli sərəncamları ilə inşa olunub. Hər iki filial binasında tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Xalça istehsalı emalatxanalarında toxucular üçün lazımi şərait yaradılıb, onların işə rahat gəlib-getməsi üçün nəqliyyat vasitəsi ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti