...

“Azərxalça”nın Lənkəran filialının birinci ildönümü qeyd olunub (FOTO)

Mədəniyyət Materials 15 Oktyabr 2019 17:45 (UTC +04:00)

Bakı. Trend:

Oktyabrın 15-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialında bu xalça istehsalı emalatxanasının fəaliyyətə başlamasının birinci ildönümü münasibətilə tədbir keçirilib.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, qurumun İdarə Heyətinin sədri, professor Vidadi Muradov filialın fəaliyyətə başlamasının bir illiyi münasibətilə kollektivi təbrik edərək deyib ki, 2018-ci ilin 15 oktyabrı xalçaçılıq tariximizin mühüm səhifələrindən biridir. Məhz bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı istifadəyə verilib. Bu tarixi hadisə ölkə rəhbərinin xalçaçılığın inkişafına göstərdiyi növbəti qayğının təzahürüdür.

Qeyd olunub ki, “Azərxalça”nın Lənkəran filialı ölkəmiz və xalqımız üçün çox əlamətdar bir gündə istifadəyə verilib. Belə ki, 2003-cü il oktyabrın 15-də cənab İlham Əliyev ilk dəfə Azərbaycanın Prezidenti seçilib. Həmin gündən Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsası qoyulub, iqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edilib. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf edən, dünyanın ən sabit ölkələrindən birinə çevirib.
Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında xalçaçılıq sənəti də mühüm yer tutur. 2016-cı ildə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 20 şəhər və rayonda 21 filialı fəaliyyət göstərir. Son illər fəaliyyətə başlayan xalça istehsalı emalatxanalarının xammalla təmin edilməsi məqsədilə də mühüm tədbirlər həyata keçirilib. Dövlət başçısının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında 2017-ci ilin dekabr ayının 15-də təməli qoyulan Yunəyrici-Boyaq Fabrikinin tikintisi artıq başa çatdırılıb. Yunəyrici-Boyaq Fabrikinin 2020-ci ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulub. Bu fabrikdə təmiz yun, təbii və kimyəvi boyalarla boyanmış yun iplik istehsal ediləcək. Fabrik fəaliyyətə başladıqdan sonra republikanın xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır. 2020-ci ilin ikinci rübündən bizim xalça istehsalı emalatxanalarımız yerli xammaldan istifadə edərək xalça toxuyacaqlar. Bütün bunlar ölkə rəhbərinin xalçaçılığın inkişafına göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 mart tarixli Sərəncamı ilə Lənkəranda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması üçün vəsait ayrılmışdı. Bu filial binasının tikintisi qısa zaman ərzində yüksək keyfiyyətlə başa çatdırılıb. Ötən dövr ərzində Lənkəran xalça istehsalı emalatxanası öz fəaliyyətini genişləndirib. Hazırda burada 121 toxucu çalışır. İnzibati-texniki işçilərlə birlikdə əməkdaşların sayı 133 nəfərdir. Ötən bir il ərzində filialda 875 kvadratmetr xalça toxunub.

Vidadi Muradov deyib ki, burada peşəkar toxucuların rəhbərliyi altında xalçalar toxunur: “Bizim bu filialın kollektivindən gözləntilərimiz çoxdur. Siz Lənkəranın qədim xalçaçılıq ənənələrini yaşatmalı, daha gözəl xalçalar toxumalısınız. Həm yaradılan şərait, həm təcrübəniz, həm də qədim xalçaçılıq ənənələriniz bunu tələb edir. Əminik ki, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəksiniz”.

İdarə Heyətinin sədri kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə filialın direktoru Nargilə Qənbərova, toxucu Sevda Cəbrayılova çıxış edərək onlara göstərilən qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Sonda filialın fəaliyyətində yüksək peşəkarlığı ilə fərqlənən bir qrup toxucu mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti