...

“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılışı olub (FOTO)

Mədəniyyət Materials 21 Noyabr 2019 19:22 (UTC +04:00)
Muzey Mərkəzində “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılış mərasimi keçirilib.
“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılışı olub (FOTO)

Bakı. Trend:

Muzey Mərkəzində “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılış mərasimi keçirilib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə çıxış edən nazir Əbülfəs Qarayev biennalenin iştirakçılarını salamlayaraq ölkəmizdə altıncı dəfə keçirilən layihənin önəmini qeyd etdi.

Bildirdi ki, Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən biennale bir neçə gün ərzində sənətsevərlərin müasir incəsənət baxımından çox zəngin, maraqlı və yaddaqalan layihələrlə tanışlığına şərait yaradacaq: “Bu tədbir ölkəmizdə 2003-cü ildən təşkil olunur. Builki biennaledə 17 ölkədən 40-dək rəssam iştirak edir. Ölkəmizdən isə 30 rəssam bu tədbirə qatılıb. Müəlliflər müasir incəsənətin müxtəlif formalarında layihələri ilə bizi tanış edəcəklər. Çox geniş spektrdə təqdim olunan layihələr tamaşaçıların marağına səbəb olacaq. Çox sevinirik ki, Bakıda müasir incəsənətə maraq artmaqdadır və bu cür təqdimatlar artıq ənənə halını alıb. Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən də çoxsaylı sərgilər təşkil edilir. Müasir İncəsənət Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzi bu sahədə maraqlı layihələr həyata keçirir”.

Nazir qeyd etdi ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Rəssamlar İttifaqı və bir sıra sənət ocaqları biennalenin keçirilməsində yaxından iştirak edir: “Çünki tədbir bir məkanla məhdudlaşmır. Beş gün müddətində müxtəlif məkanlarda təqdim olunacaq layihələr öz fəlsəfi və janr zənginliyi ilə diqqəti cəlb edəcək. Bu biennale ölkəmizi dünya miqyasında tanıdılmasına, Azərbaycanın müasir incəsənətə olan münasibətini əks etdirir. u Hazırda biz mədəniyyəti inkişaf edən dövlət kimi tanınırıq”.

Biennalenin builki mövzusunun “Həyatımızdakı dəyərlər” olduğunu qeyd edən Əbülfəs Qarayev dedi ki, layihədə təqdim olunan əsərlər insan düşüncəsinin ifadə yollarını nümayiş etdirəcək: “İnanıram ki, biennale günlərində hər bir müəllifin əsərində biz bu suala cavab tapa biləcəyik. Biennalenin işinə və bütün təşkilatçılara uğurlar arzulayıram. Ümid edirəm ki, altıncı biennale də yüksək səviyyədə reallaşacaq”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov biennaleni düşüncələrin və sənətin bölüşməsi baxımından mühüm layihə kimi dəyərləndirdi. Diqqətə çatdırdı ki, tədbir rəssamların sənət mübadiləsi və qarşılıqlı təcrübə baxımından xüsusi əhəmiyyət daşıyır: “Rəssamlıq sənətində heç bir sərhəd yoxdur və bu səbəbdən də biennale çərçivəsində təqdim olunan layihələrin də tərcümə edilməsinə ehtiyacı qalmır. Rəssamlar İttifaqı biennalenin reallaşmasında öz köməyini əsirgəməyib. Biz müasir biennaledən danışarkən Leyla Axundzadənin adını da dərin ehtiramla yad etməliyik. Layihənin bütün iştirakçılarına uğurlar arzulayıram”.

Biennalenin önəmini qeyd edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri Əsgər Ələkbərov vurğuladı ki, ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi mədəniyyətimizin dünyaya tanıdılması baxımından əhəmiyyətlidir. Belə tədbirlər həmçinin ölkəmizin tolerant və multikultural dəyərlərini təşviq edir.

İçərişəhərdə təşkil edilən sərgilərin əhəmiyyətini qeyd edən Ə.Ələkbərov əsrlər boyu paytaxt Bakının mədəniyyət mərkəzi kimi tanındığını diqqətə çatdırdı: “Bu gün beynəlxalq biennalenin unikal layihələrinin tarixi məkan olan İçərişəhərdə təqdim olunması bir daha qədimlik və müasirlik, müasir düşüncə və tarix, dünyaya baxış, dünən, bu gün və sabahın bir araya gəlməsinə dəlalət edir.

Sonra nazir Əbülfəs Qarayev və qonaqlar rəmzi lenti kəsərək sərginin rəsmi açılışını etdilər. Tədbir iştirakçıları sərgi ilə yaxından tanış oldular. Almaniyadan gələn iştirakçı Gisela Veimannın təqdim etdiyi performansla tanışlıq qonqların marağına səbəb oldu.

Burada təqdim edilən layihələr barədə iştirakçılara məlumat verildi. Portuqaliyalı müəllif Kristina Ataydenin “No name” (“Adsız”) layihəsi böyük maraqla qarşılandı. Müəllif layihə ilə bağlı nazirə bildi verdi. Qaçqın və köçkünlərin, miqrantların həyatına həsr olunmuş layihəni yüksək qiymətləndirən Əbülfəs Qarayev bütün dünya ictimaiyyəti üçün aktuallığını vurğuladı.

Qeyd edək ki, K.Ataydenin layihəsində miqrant həyatı yaşayaraq həyatını itirmiş insanların siyahısı verilib. Siyahıda onların yaşadığı məkan, vətənlərinin adı qeyd olunmayıb. Layihə qaçqınlığa etiraz şüarıdır: dünyada sülh olsun, heç kəs öz torpağını tərk etməsin...

“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi noyabrın 25-dək davam edəcək. Layihə üzrə müxtəlif məkanlarda sərgilər, təqdimatlar təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti