Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamış Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinin qeyd edilməsi barədə sərəncamına əsasən, Azərbaycanın İndoneziyadakı Səfirliyinin müşaviri Gültəkin Həbiblinin İndoneziyanın nüfuzlu “Minanews” saytında “Əbdürrəhim bəy Haqverdiyev - 150” başlıqlı məqaləsi dərc olunub.
Səfirlikdən Trend-ə verilən məlumata görə, məqalədə milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamış Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinin Azərbaycanla yanaşı, ölkəmizin xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri çərçivəsində də qeyd olunduğu, onun yaradıcılığının böyük oxucu kütləsinə tanıdıldığı bildirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizin tarixinə, ədəbi və mədəni irsinə verdiyi qiymətin nəticəsi olaraq, bu gün Azərbaycanın tək neft ölkəsi kimi deyil, həm də bəşər tarixinin, ədəbiyyatının, mədəniyyətinin nadir beşiyi kimi tanındığı qeyd olunur. Azərbaycanın dünyaya həm də sözün dəyərini, zəngin tarixini, çoxşaxəli ədəbiyyatını ixrac etdiyi, Azərbaycanın bu sahədə də artıq öz modelini yarada bildiyi vurğulanıb.
Məhz bu cür tədbirlərin sayəsində bir sıra xarici ölkələrdə Azərbaycanın tanınmış mütəfəkkirlərinin, söz ustadlarının, sənət adamlarının, ictimai xadimlərinin heykəllərinin ucaldıldığı, mədəniyyət mərkəzlərinin yaradıldığı, zəngin çalarlara və dərin tarixi köklərə dayanan Azərbaycan mədəniyyətinin və onun simalarının tanıdılması istiqamətində əməli addımların atıldığı qeyd olunur. Azərbaycanın ədəbiyyat külliyyatının müxtəlif dillərə tərcümə edildiyi, Heydər Əliyev Fondunun bu istiqamətdə milliliyimizə, tariximizə, xalqımıza verdiyi töhfələrin yüksək qiymətə layiq olduğu bildirilir.
Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışmış, milli ideologiyanın oyanışında misilsiz xidmətləri olan Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığının dövlət səviyyəsində, bəşəri qeyd olunmasının da sadaladığımız tədbirlərin tərkib hissəsi olduğu vurğulanır. Ə.Haqverdiyevin adının UNESKO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərinin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsinin Azərbaycan ədəbiyyatına, onun tarixinə və zəngin irsinə verilən böyük dəyərin əyani təzahürü olduğu bildirilir.
Məqalədə vurğulanır ki, Ə Haqverdiyev Şuşamızın parçası, Azərbaycan milli ədəbiyyatının ölməz nümayəndəsidir. Bu gün Azərbaycanın dilbər guşəsi olan Qarabağın ürəyi sayılan Şuşa, çox təəssüf ki, Azərbaycanın həyata keçirdiyi kütləvi, mədəniyyət, ədəbiyyat tədbirlərindən uzaq qalıb. Halbuki, erməni silahlı birləşmələrinin işğalına qədər mədəniyyət və musiqi beşiyi sayılan Şuşada Azərbaycan mütəfəkkirlərinin doğum tarixləri dövlət səviyyəsində qeyd edilirdi, Şuşa beynəlxalq musiqi festivallarının beşiyinə çevrilmişdi. Ancaq Azərbaycan xalqı yenə o günlərinə qayıdacağına, bu halın müvəqqəti xarakter daşıdığına inanır.
Azərbaycanın dövlət başçısının həyata keçirdiyi uzaqgörən, düşünülmüş siyasəti nəticəsində, Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün, Haqverdiyevin, Xan Şuşinskinin və bir çox dünya şöhrətli Azərbaycan karifeylərinin yetişdiyi Şuşa da daxil olmaqla, ölkəmizin işğal altında olan 20 faiz ərazisi azad olunacaq, yenə də “Cıdır” düzündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət tədbirlərimizə, beynəlxalq tədbirlərə ev sahibliyi edəcəyik.
Məqalədə, dövlət başçısının Sərəncamına əsasən, ölkəmizin İndoneziyadakı Səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt Dövlət Şirkəti” tərəfindən üzərində “Şuşa Azərbaycan” yazısı və ədibin gənclik şəkli ilə yanaşı arxa fonda “Şuşa qalası” təsvir olunmuş poçt markasının təsviri, o cümlədən, ədibin şəkli yer alıb.
Məqaləyə https://minanews.net/mengenang-sastrawan-besar-azerbaijan-abdurrahim-bey-hagverdiyev/ internet səhifəsindən keçid edilə bilər.