...

İndiyədək işğaldan azad edilmiş ərazilərdə 313 tarix-mədəniyyət abidəsinin monitorinqi aparılıb

Mədəniyyət Materials 21 May 2021 16:31 (UTC +04:00)
İndiyədək işğaldan azad edilmiş ərazilərdə 313 tarix-mədəniyyət abidəsinin monitorinqi aparılıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

İndiyədək işğaldan azad edilmiş ərazilərdə dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilib.

Trend-in məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov deyib. O qeyd edib ki, Mədəni irsimizə qarşı törədilən vandalizm aktları ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən UNESCO və ICESCO-ya, BMT-nin Sivilizasiyalar Alyansına və 150 ölkənin Mədəniyyət Nazirliyinə müraciət edilib.

"Həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 113 obyekt aşkar edilib. Baxış keçirilən tarix-mədəniyyət nümunələrinin əksəriyyəti işğalçılar tərəfindən tamamilə məhv edilib. Həmçinin 846 mədəniyyət müəssisəsi monitorinq edilib ki, onlardan 451-i kitabxana, 342-si mədəniyyət evi və klub müəssisəsi, 20-si muzey, 25-i uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur. Bu müəssisələrdən 14-ü ilkin monitorinq nəticəsində aşkar edilsə də, nazirliyin şəbəkəsində yoxdur.

Müəssisələrin, demək olar ki, hamısı tamamilə dağıdılmış vəziyyətdədir. Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonları üzrə aparılıb. Monitorinq davam edir və bu proses yekunlaşandan sonra erməni işğalı dövründə mədəniyyətimizə vurulmuş ziyanın tam mənzərəsini həm ölkə ictimaiyyətinin, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti