...

Peru mətbuatında dahi şair Nizami Gəncəvinin zəngin ədəbi irsindən bəhs edilib (FOTO)

Mədəniyyət Materials 30 Dekabr 2021 07:14
Peru mətbuatında dahi şair Nizami Gəncəvinin zəngin ədəbi irsindən bəhs edilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Perunun rəsmi dövlət qəzeti “El Peruano”da dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə bu ölkədəki səfirimiz Məmməd Talıbovun müəllifi olduğu “Nizami Gəncəvi: bəşəriyyətin ədəbi zənginliyi” başlıqlı məqalə dərc olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, yazıda N.Gəncəvinin həyat yolu və yaradıcılığı haqda məlumat verilir, yaratdığı müstəsna ədəbiyyat nümunələri ilə Şərq intibahının ən görkəmli nümayəndəsi kimi yadda qaldığı və özündən sonra çoxəsrlik zəngin bədii miras qoyduğu haqda danışılır.

Şairin poeziya və fəlsəfəni tarix və əfsanələrlə birlikdə istifadə edərək yaratdığı nadir sənət incisi olan “Xəmsə”sindən bəhs edilir, bu xüsusda beşliyə daxil olan əsərlərdə Nizaminin özünün azərbaycanlı soykökünü daim qeyd etməklə yanaşı beynəlxalq mövzulara geniş şəkildə yer verdiyi, dərin mənəvi duyğular və bəşəriyyət haqda fəlsəfi fikirlərlə zəngin olan unudulmaz poeziya nümunələri yaratdığı söylənilir.

Məqalədə, həmçinin N.Gəncəvinin ədəbiyyatdakı təsir gücünün ölkə hüdudlarını aşaraq İran, Türkiyə, Hindistan və Mərkəzi Asiyaya qədər yayıldığı, öz universal mövzuları və ədəbi innovasiyaları ilə bu bölgələrin ədəbi-bədii mühitinə önəmli təsir göstərdiyi bildirilir.

Sonra dahi şairin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə edildiyi, əlyazmalarının nadir surətlərinin dünyanın aparıcı kitabxana və muzeylərində qorunub saxlanıldığı, habelə Nizami yaradıcılığının poeziya ilə yanaşı dünya teatr və kino sənətinin, eləcə də miniatür rəsm sənətinin inkişafına önəmli töhfələr verdiyi qeyd ounur.

Sonda bu il N.Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olduğu və bu münasibətlə 2021-ci ilin ölkəmizdə “Nizami ili” kimi qeyd olunduğu deyilir.

https://elperuano.pe/noticia/136347-nizami-ganjavi-riqueza-literaria-de-la-humanidad

Məqalədə:
Xəbər lenti

Xəbər lenti