...

Tbilisidə Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı yubiley sərgisinin açılış mərasimi baş tutub - FOTO

Mədəniyyət Materials 13 Aprel 2023 17:58 (UTC +04:00)
Tbilisidə Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı yubiley sərgisinin açılış mərasimi baş tutub - FOTO

Bakı. Trend:

Aprelin 12-də Tbilisidəki Dmitriy Şevardnadze adına Milli Qalereyada Azərbaycanın tanınmış rəssamı Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı yubiley sərgisinin açılış mərasimi baş tutub.

Trend xəbər verir ki, sərgi bu gündən etibarən ziyarətçilər üçün açıqdır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Milli İncəsənət Muzeyinin və Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində Azərbaycanın Xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, SSRİ Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın mədəniyyət nazirinin müavini Kaxa Sixarulidze, xarici işlər nazirinin müavini Xatuna Torturadze, Milli Qalereyanın direktor müavini Nika Axalbedaşvili, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, incəsənət və mədəniyyət xadimləri iştirak ediblər.

Tbilisidə Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Çingiz Fərzəliyevin əsərlərindən ibarət sərginin açılması mədəni əlaqələrimizin necə yüksək səviyyədə olduğunu sübut edir, bu sözləri Gürcüstanın sabiq mədəniyyət naziri, akademik, Azərbaycan-Gürcüstan Mədəniyyətlərarası Dialoq Assosiasiyasının prezidenti Valeri Asatiani sərgi ilə əlaqədar mətbuat konfransında söyləyib. O deyib ki, bu günlərdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri və Qəbələdə Prezident İlham Əliyevlə görüşü, tarixi, mədəni abidələrlə tanışlığı, orada söylənilən fikirlər bizə mədəni əlaqələrimizi daha da genişləndirmək və möhkəmləndirmək üçün yaxşı imkan yaradıb.

Sərginin açılış mərasimində Nika Axalbedaşvili çıxış edərək Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən danışıb, Çingiz Fərzəliyevin əsərlərindən ibarət sərginin açılmasını iki dövlət arasındakı mədəni əlaqələrin inkişafına xidmət etdiyini bildirib.

Çingiz Fərzəliyev çıxışında bu sərginin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu bildirib və sərginin təşkilatçılarına minnətdarlıq edib.

Səfir Faiq Quliyev çıxış edərək ölkələrimiz arasındakı münasibətlərdən danışıb. Ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə, eləcə də mədəniyyət və incəsənət sahəsində inkişafında Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib. Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirdiyini vurğulayan diplomat, eyni zamanda, Heydər Əliyev Fondunun Gürcüstanda reallaşdırdığı layihələrin əhəmiyyətindən danışıb.

Fərhad Xəlilov, Kaxa Sixarulidze, Xatuna Tortuadze və digər çıxış edənlər Ç.Fərzəliyevin yaradıcılığından söz açıb. Bildirilib ki, Ç. Fərzəliyevin yaradıcılığı heyrətamiz mənzərələri, natürmortları və fəlsəfi xarakteri ilə seçilir. Bu cür sərgilərin qarşılıqlı olaraq Azərbaycanda və Gürcüstanda təşkil olunmasının əhəmiyyətini qeyd ediblər.

Sərginin kuratoru Könül Rəfiyeva mətbuata açıqlamasında bildirib ki, “Zamanın pillələri ilə” sərgisi rəssamın yaradıcılığı həyatının əsası kimi seçdiyi andan başlayan yolla addımlamaq üçün unikal imkandır. Belə ki, sərgidə onun ilk sənət təcrübələri zamanından bu günümüzədək ərsəyə gətirdiyi əsərlərinin məcmusu kimi deyə biləcəyimiz 47 əsər nümayiş olunur. Sərgidə nümayiş olunan əsərlər rəssamın 60-cı, 70-ci, 80-ci, 90-cı və 2000-ci illər haqqında fikirlərini, hisslərini əks etdirir.

Sərgi mayın 10-dək ziyarətçilər üçün açıq qalacaq. Sərginin Gürcüstandan sonra beynəlxalq miqyasda digər ölkələrdə də davam etdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti