...

Əməkdar rəssam İsa Məmmədov vəfat etdi

Mədəniyyət Materials 23 İyun 2024 12:45 (UTC +04:00)
Əməkdar rəssam İsa Məmmədov vəfat etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əməkdar rəssam İsa Məmmədov vəfat edib.

Trend xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

Bildirilib ki, əməkdar rəssam, Qərbi Azərbaycan İcmasının üzvü İsa Məmməd oğlu Məmmədov 2024-cü il iyun ayının 22-də 68 yaşında vəfat edib. İsa Məmmədov 5 mart 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. O, 1979-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1988-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəngkarlıq fakültəsini bitirib.

Rəssamın Türkiyə Cümhuriyyətində (2009), “Bakı-Berlin” Qalereyasında (2010, Almaniya), Bakıda (2011) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində "Mənim Vətənim" (2016, 2020, Bakı) adlı fərdi sərgisi kecirilmişdir.

İsa Məmmədov “Göl kənarında” (1993), “Abşeron bağları” (1997), “Toxucu qadın” (1998), “Bakı bağları” (1999), “Toxucu qız” (2000), “Çətirli qadın” (2000), “Bakı Venesiyası” (2005), “Aşıq Pəri” (2005), “İsmayıllı” (2013) və s. adlı əsərlərin müəllifidir.

Rəssam uzun müddət Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. O, Azərbaycan Rəssamlar İttifaqının və YUNESKO-nun nəzdindəki Rəssamlar Birliyinin üzvü idi.
İsa Məmmədov 2021-ci ildə möhtərəm Prezidentimizin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülmüşdü.

Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. O, respublika və beynəlxalq, qrup sərgilərinin fəal iştirakçısı idi.

İsa Məmmədovun işıqlı xatirəsi onu tanıyanların və sənətinin pərəstişkarlarının qəlbində yaşayacaq. Qərbi Azərbaycan İcması mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti