...

Qənirə Paşayeva Bozalqanlı kəndindən olan seçiciləri ilə görüşüb (FOTO)

Seçki 2015 Materials 21 Oktyabr 2015 16:40 (UTC +04:00)
105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun Bozalqanlı kəndindən olan seçicilərlə görüşüb.
Qənirə Paşayeva Bozalqanlı kəndindən olan seçiciləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun Bozalqanlı kəndindən olan seçicilərlə görüşüb. Onlarla kənd sakininin qatıldığı görüşdə millət vəkili 10 illik deputat fəaliyyətindən bəhs edib. Millət vəkili deyib ki, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə təmsil etməyə, Qarabağ həqiqətlərinin dünyada tanıdılmasına çalışıb.

Ölkəmizin inkişafı istiqamətində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlərdən danışan Q.Paşayeva bildirib ki, yerlərdə müxtəlif qurum və nazirliklərin nümayəndələri, idarələri vətəndaşlarımızın üzləşdiyi problemlərin həllində daha fəal iştirak etməlidirlər: "Cənab Prezidentin də vurğuladığı kimi, biz hamımız, millət vəkilləri, nazirliklər, onların bölgələrdəki təmsilçiləri, yerli icra və bələdiyyə orqanları xalqımıza daha yaxşı xidmət etmək üçün çalışmalı, onların problemlərinə həssaslıqla, diqqətlə yanaşmalıyıq. Laqeydlik, biganəlik olmamalıdır. Vətəndaşların iştirakı ilə müasir Azərbaycanımızı daha da inkişaf etdirməliyik. Bölgədə baş verən prosesləri hamımız görürük və çalışmalıyıq ki, bu proseslərdən dövlətimiz zərərlə çıxmasın. Çünki dövlətimizə dəyən hər bir zərər bizim hamımıza dəyən zərərdir".

"Bu 10 il ərzində ailənizin bir üzvü oldum, sevincinizə sevindim, kədərinizi paylaşdım, problemlərinizin həlli üçün əlimdən gələni etməyə çalışıdım", - deyən Q.Paşayeva son 10 il ərzində tovuzluları narahat edən bir çox problemlərin, o cümlədən Bozalqanlı kəndini narahat edən problemlərin xeyli hissəsinin də öz həllini tapdığını bildirib.

Bozalqanlının Tovuzun ən böyük kəndlərindən biri olduğunu vurğulayan millət vəkili qeyd edib ki, 10 illik fəaliyyəti dövründə kənd sakinlərinin sağlamlıq, təhsil, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib. Bildirib ki, seçicilər yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim ləyaqətlə təmsil etmək üçün əlindən gələni edəcək.

Q.Paşayeva Bozalqanlı kəndinin və ümumiyyətlə, Tovuz rayonunun ziyalı rayonu olduğunu vurğulayaraq bildirib ki, rayonun tanınmış şairlərinin, ustad aşıqlarının, el şairlərinin 20-dən çox kitabının yüksək səviyyədə nəşr olunması, təqdimat mərasimlərinin, yubiley və gecələrin keçirilməsinə dəstək göstərilib: "Burada məqsəd ustadlarımızı gənc nəsillərimizə, Azərbaycandan kənarda yaşayan soydaşlarımıza daha yaxından tanıtmaq olub".

Q.Paşayeva 10 illik millət vəkili fəaliyyəti dövründə Azərbaycanın AŞ PA və AVRONEST-dəki nümayəndə heyətinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrununun rəhbəri kimi də dövlətimizin maraqları naminə ilə çalışdığını deyib.

Görüşdə çıxış edən kənd sakinləri, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 10 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirərək, yenidən ona səs verəcəklərini deyiblər.

Görüşdən sonra millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərlə bağlı onlarla müzakirələr aparıb. Həmin problemlərin həlli istiqamətində müvafiq qurumlar qarşısında məsələ qaldıracağını deyib. Bəzi məsələləri yerindəcə həll edən Q.Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərlə yanaşı, seçki platformasından da danışıb, sualları cavablandırıb.

Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq, Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil etdiyini deyib.

Q.Paşayeva, həmçinin Bozalqanlıda fiziki imkanları məhdud insanlarla görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. O, bir sıra şəhid ailələri, müharibə əlilləri və veteranları ilə də görüşərək, onların qayğı və problemləri ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə kənddə ünvanlı sosial yardıma ehtiyacı olan insanların olduğunu bildirərək ona müraciət ediblər və öz növbəsində, o da bununla bağlı rayonda müvafiq qurumlarla müzakirələr aparıb. Sakinlər xüsusilə iş yerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu vurğulayıblar.

Millət vəkili kənd sakinləri ilə görüşdən sonra bir sıra vətəndaşları tək-tək də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər aparıb, sakinləri narahat edən problemlərin həll olunması istiqamətində köməklik göstərilməsinə çalışacağını, müvafiq qurumlarla danışacağını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti