Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Hakim Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-nın idarə heyətinin üzvü Bahar Muradova Füzuli rayonunun Böyük Bəhmənli kəndində seçiciləri ilə görüş keçirmişdir.
Azərbaycan Respublikasının Milli Müstəqillik gününə təsadüf edən görüş, Azərbaycan Respublikasının Dövlət Himninin başlanması ilə açıq elan olundu.
Böyük Bəhmənli kənd mədəniyyət evində 300-dən artıq seçicinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri, deputatlığa namizəd Bahar Muradovanın səlahiyyətli nümayəndəsi Almaz Həşimova hər kəsi salamlayaraq bu əlamətdar və şərəfli gün münasibəti ilə təbrik etdi. Daha sonra Bahar Muradovanın geniş həyat fəaliyyəti və yaradıcılığından söz açan Almaz Həşimova 84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd haqqında danışaraq onun siyasi fəaliyyətini təqdir etdiklərini bildirmiş, Bahar Muradovanın həm qanunvericilik, həm də digər siyasi sahələrdə fəal mövqe nümayiş etdirdiyini bildirərək seçiciləri növbəti 5 il müddətinə yenidən onun namizədliyini dəstəkləməyə və Heydər Əliyev ideyalarının daşıyıcısı olan YAP-nın namizədlərinə səs verməyə çağırdı.
Çıxış edən kənd sakinləri Ağgül Bağırova, Qulam Abbasov, Əsəd Kazımov, Elsevər Mirzəliyev, Gültəkin Abdullayeva, kənd ağsaqqalı Sovet Hüseynov, həkim Fəridə Əliyeva və şəhid atası Tumas Musayev Bahar Muradovanın hər zaman öz seçicilərini diqqət mərkəzində saxladığını, onları nəinki parlamentdə, hətda onları qlobal siyasi prosseslərdə, eləcə də Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi ATƏT PA-da ləyaqətlə təmsil etdiyini və xalqın mənafeyini hər zaman öndə tutduğunu bildirmişlər. Onlar eyni zamanda dünya Azərbaycanlıları konqresinin əlaqələndirmə şurasının üzvü kimi fəaliyyətini yüksək dəyərləndirmişlər. Bahar Muradovanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyini və Azərbaycan dövlətinin və xalqının maraqlarının bütün səviyyələrdə cəsarətlə müdafiə etdiyini qeyd edən seçicilər həmdə namizədin bu problemlə bağlı elmi işləri ilə də tanış olduqlarını bildirmişlər.
Nitqinə bütün Azərbaycan xalqını eləcə də Füzuli seçicilərini Dövlət Müstəqilliyi günü ilə bağlı təbriklə başlayan YAP-nın deputatlığa namizədi Bahar Muradova görüşə qatılmış sakinləri səmimi salamladı. Ünvanına söylənən xoş sözlərə görə öz seçicilərinə təşəkkürünü bildirən Bahar Muradova bu görüşün əlamətdar tarixi hadisə olan müstəqillik gününə təsadüf etdiyini fəxarət hissi ilə bildirdi. Azərbaycan xalqının ən böyük tarixi dəyəri olan Müstəqilliyinin qorunub saxlanmasında Heydər Əliyev dühasının bizə bəxş etdiyi əvəzsiz nemət olduğunu və bu gün alternativi olmayan həmin siyasətin prezident İlham Əliyevin timsalında uğurla davam etdiyini bildirmişdir. Bu gün YAP-nın siyasi xəttinin beynəlxalq nüfuza sahib olmasından danışan Bahar Muradova, hər kəsi bu yolda bir olmağa, birlikdə olmağa və 1 noyabr da parlament seçkilərində YAP-nın namizədlərinə səs verməyə, gələcək inkişafımıza zəmin yaratmağa dəvət etdi.