Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
115 saylı seçki dairəsində Cavanşir Feyziyevin seçicilərlə görüşləri yerli sakinlərin yüksək fəallığı şəraitində davam edir.
Son günlərdə keçirilən görüşlər Şəki rayonunun Aşağı Küngüt və Baş Küngüt kəndlərində təşkil olunub.
Yaşayış məntəqələrinin mərkəzində qurulmuş səyyar təbliğat-təşviqat səhnəsi deputatlığa namizədin öz seçicilərinə ünvanladığı şüarlarla bəzədilmişdi. Deputat C.Feyziyevin səhnədə yer alan vəkilləri - Baba Yusifov, professor Fərman İsmayılov, professor Rafiq Rəsulov, tanınmış yazıçı-jurnalist Ələddin Əsədzadə, şair Vaqif Aslan və başqaları vətəndaşlara müraciət edərək, son beş ildə C.Feyziyevin ictimai-siyasi fəaliyyəti barədə ətraflı danışıb və seçiciləri növbəti dəfə C.Feyziyevin namizədliyini dəstəkləməyə çağırıblar.
Seçicilər qarşısında çıxış edən C.Feyziyev Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında danışıb, son 5 ildə bütün ölkədə, eləcə də 115 saylı seçki dairəsi ərazisində hökumət tərəfindən həyata keçirilmiş geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib. Sakinləri parlament seçkilərində yaxından iştirak etməyə çağıran deputatlığa namizəd C.Feyziyev bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmkləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirib.
Tədbirlərdə çıxış edən yerli sakinlər deputatın keçən 5 il ərzindəki fəaliyətindən razı qaldıqlarını və 1 noyabr seçkilərində də növbəti dəfə C.Feyziyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.
Baş Küngüt və Aşağı Küngüt kəndlərində əsl bayram əhvali-ruhiyyəsində keçən uğurlu görüşlər "Qala" instrumental ansamblının, tanınmış musiqi və incəsənət xadimləri - xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının, əməkdar artist Vaqif Şıxəliyevin və digər müğənnilərin iştirak etdiyi konsert proqramı ilə başa çatıb.