...

Müsavat seçkilərə mandat almaq üçün qatılmışdı

Seçki 2015 Materials 4 Noyabr 2015 20:18 (UTC +04:00)
Müsavat Partiyasının sədri Arif Hacılı parlament seçkilərinin nəticələri ilə bağlı dünən keçirdiyi mətbuat konfransında öz ənənəvi ampluasına sadiq qalaraq, əcaib, əcaib olduğu qədər də gülməli açıqlamalar verib.
Müsavat seçkilərə mandat almaq üçün qatılmışdı

Azərbaycan xəbərlər xidməti

Azər Niftiyev - Trend:

Müsavat Partiyasının sədri Arif Hacılı parlament seçkilərinin nəticələri ilə bağlı dünən keçirdiyi mətbuat konfransında öz ənənəvi ampluasına sadiq qalaraq, əcaib, əcaib olduğu qədər də gülməli açıqlamalar verib.

O bildirib ki, Müsavat Partiyasının seçkilərə bir neçə gün qalmış verdiyi boykot qərarının Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunmaması seçki prinsipinin kobud sürətdə pozulmasıdır.

Maraqlıdır, görəsən, Müsavat Partiyası hansı səbəbdən qanunvericiliyə uyğun olaraq seçkilərə 10 gün qalmış yox, bir neçə gün qabaq boykot qərarı verib? Bunu bir həftə tez etmək olmazdımı? Yəqin fikirləşiblər ki, dünyanın işini bilmək olmaz, birdən İsa Qəmbər və ya Arif Hacılı seçkilərdə qalib gələr, boş yerə mandatı hədər verməsinlər.

Müsavat sədri daha sonra bildirir ki, son parlament seçkiləri kütləvi saxtakarlıq şəraitində keçirilib. "Seçicilərin səs hüquqları əlindən alınıb. Namizədlərin qeydə alınmasına ciddi əngəllər törədilib. Siyasi partiyalara seçkilərdə rəqabət aparmaq üçün normal şərait yaradılmayıb".

Bəs belə olduğu halda necə oldu ki, Müsavat Partiyası 25 namizədlə seçkilərə qatıla bildi? Həqiqətən də namizədlərin qeydiyyata alınmasına süni əngəllər var idisə, bəs 25 müsavatçının namizədliyini hansı məntiqlə qeydiyyata almışdılar?!

Onun daha bir iddiası Müsavatın seçkilərə mandat almaq üçün yox, iqtidarı ifşa etmək üçün qatılması ilə bağlıdır. Bir siyasi partiya ki, seçkilərə qələbə yox, rəqibini ifşa etmək üçün qatılır, deməli, o heç partiya deyil. Bu, məğlubiyyətin bəribaşdan etirafıdır.

Əslində, Müsavat seçkilərə mandat almaq üçün qatılmışdı. Heç bir sosial dayağı və elektoratının olmadığını bilsə də, heç olmasa bir mandat almaq ümidi ilə seçkilərə qatılmışdı.

Bunun da öz növbəsində, kifayət qədər ciddi səbəbləri var. Əsas səbəb partiyanın qurultaydan sonra parçalanması, çox zəif vəziyyətə düşməsi, buna görə də xaricdəki "ağaları"nın daha onlara qrant ayırmaq həvəsində olmaması ilə bağlıdır.

Müsavat Partiyası süqut dövrünü yaşayır və "xərcləri"ni çox yaxşı bilən qərblilər daha onlara pul ayırmaq istəmirlər. Digər yandan, Müsavatı maliyyələşdirən "elitar kəsim" artıq bu partiyanı tərk edib. Müsavat Partiyası parlamentdə təmsil olunsaydı, bu halda siyasi həyatda yenidən iştirak imkanı qazanar və yeni maliyyə qaynaqları tapa bilərdi.

Daha bir səbəb bu partiyanın dövlət tərəfindən maliyyələşmək istəyi ilə bağlıdır. Parlamentdə təmsil olunan siyasi partiyalara dövlət tərəfindən maliyyə yardımları ayrılır ki, illərdir tərəfdarları səfalət, özləri isə zəngin həyat tərzi keçirən Müsavat liderləri bu fürsətdən də yararlanmağa çalışırdılar.

ATƏT, Avropa Parlamenti və digər beynəlxalq qurumlar müstəqil qərarlar vermək iqtidarında olmadığı kimi, Arif Hacılı da müstəqil qərar vermək iqtidarında deyil. O, Müsavat Partiyasının rəhbəri yox, icraçı direktorudur və özünü Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri elan edən İsa Qəmbərin iradəsindən kənar partiyaya aid ən elementar məsələdə belə söz haqqına malik deyil. İndiki halda onun açıqlamaları nəinki Azərbaycan iqtidarı və cəmiyyəti, hətta müsavatçıların özləri üçün də heç bir önəm kəsb etmir.

Bundan başqa, Müsavat Partiyası rəhbərliyinin son qurultayda və ondan sonra həyata keçirdiyi "siyasi repressiyalar", kütləvi qanun və nizamnamə pozuntuları ilə müşayiət olunan fəaliyyəti bu partiyanın özünün legitim olmadığını göstərir. Yüz nəfərlik partiyada ədaləti bərpa etməyənlərin bütöv bir cəmiyyətə "demokratiya dərsi" keçməsi qədər ucuz və mənasız təbliğat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti