Bakı. Samir Əli - Trend:
Azərbaycan Vəkillər Kollegiyası ölkədə fəaliyyət göstərən heç bir vəkilə mətbuata açıqlama verməklə bağlı heç bir qadağa qoymayıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Kollegiya sədri bildirib ki, istənilən vəkil mətbuata qanun çərçivəsində açıqlama verə bilər: "Biz heç bir vəkilə qadağa qoya bilmərik. Ölkədə 1000 nəfərə yaxın vəkil var. Onlara necə qadağa qoya bilərik. Sadəcə biz vəkillərə tövsiyə etmişik ki, mətbuata açıqlama verərkən vəkillik sirrini yaymasınlar. Bu prinsiplərə riayət edən vəkillər istənilən məlumatı yaya bilər. Kollegiyanın məqsədi odur ki, vəkillər "Vəkillik fəaliyyəti haqqında" Qanunun tələblərinə riayət etsinlər, vəkil sirrini yaymasınlar, üzərlərinə düşən vəzivələri düzgün yerinə yetirsinlər".