...

Məhkəmə Məleykə Əsədovanın Ramiz Məlikə qarşı şikayətini qismən təmin etdi

Gündəm Materials 14 May 2018 15:56 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artistləri Məleykə Əsədova və Ramiz Məlikin Nəsimi Rayon Məhkəməsinin qərarından verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti araşdırılıb.

Prosesdə çıxış edən M.Əsədova həmkarının onu mətbuat vasitəsilə təhqir etdiyini bildirib: "Səkkiz aydır əsəb keçirirəm. Ramiz Məlik məni mətbuatda alçaldıb, təhqir edib. O, hətta mənim ailəmi alçaldıb".

M.Əsədovanın vəkili Ceyhun Yusifov da çıxışında deyib ki, R.Məlikdən 200 min manat təzminatın tutulmasını və mətbuatda təkzib verməsini istəyib.

R.Məlik isə çıxışında deyib ki, evdə olmayan zaman M.Əsədova zəng edib, ailəsini təhqir edib: "Hətta söyləyib ki, qız nəvəmi də oğurlatdıracaq".

M.Əsədova isə onun dedikləri ilə razı olmadığını, R.Məlikin yalan danışdığını qeyd edib.

R.Məlikin vəkili Türkel Süleymanlı çıxışında söyləyib ki, müvəkkili heç bir KİV-ə müsahibə verməyib. O, qarşı tərəfin iddiasının təmin edilməməsini istəyib.

Məhkəmənin qərarına əsasən, R.Məlik mətbuatda təkzib verəcək və M.Əsədovaya 1000 manat məbləğində pul ödəyəcək.

Qeyd edək ki, M.Əsədova Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, R.Məlik tərəfindən şərəf və ləyaqətinin təhqir olunmasına görə 200 min manat məbləğində təzminat tələb edib.

R.Məlikin vəkili T.Süleymanlı da məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın da R.Məliki təhqir etdiyini deyib və buna görə 300 min manatlıq təzminat istəyib. Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, hər iki iddia təmin edilməyib.

Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti