...

Həsən Həsənov: Heç bir qüvvə Azərbaycanı müstəqil siyasət yeritməkdən çəkindirə bilməz

Gündəm Materials 11 İyul 2018 15:30 (UTC +04:00)
Heç bir qüvvə Azərbaycanı müstəqil siyasət yeritməkdən çəkindirə bilməz
Həsən Həsənov: Heç bir qüvvə Azərbaycanı müstəqil siyasət yeritməkdən çəkindirə bilməz

Bakı. İlhamə İsabalayeva - Trend:

"“Allahu Əkbər” sədası altında gizlənərək, soyuq silahlarla silahlanıb Gəncədə şəhər meydanında asayişi pozan, iğtişaş törədən, dövlətçiliyə, müstəqilliyimizə qəsd edən radikal dağıdıcı qrup bilməlidir ki, Azərbaycan dövləti yenilməzdir, sarsılmazdır, heç bir qüvvə respublikamızı müstəqillik yolundan, dünyəvi dövlətçilik yolundan döndərə bilməz. Radikal dağıdıcı qrupların arxasında dayanan, onu idarə edən, maliyyələşdirən məkrli düşmən dairələr elə zənn etməsinlər ki, onların kimliyi bəlli deyil. Bu qüvvələr zaman-zaman Azərbaycan dövlətçiliyinə qəsd ediblər, amma mənfur məqsədlərinə nail ola bilməyiblər".

Bunu Trend-ə açıqlamasında "Xalq" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Həsən Həsənov deyib.

H.Həsənov deyib ki, Bu gün Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti monolit birliyə malikdir: "Hakimiyyət və xalq vəhdəti, Prezident və xalq birliyi sarsılmazdır. Azərbaycan müstəqillik qazandığı vaxtdan bu günə qədər baş verən ictimai-siyasi proseslərin təhlili göstərir ki, dövlətimiz və cəmiyyətimiz terrorçulara, separatçılara, ölkədə sabitliyi, əmin-amanlığı pozmaq istəyən qüvvələrə qarşı hər zaman birlik nümayiş etdirib, düşmənin mənfur planlarını puça çıxarıb.

Diqqət yetirin, polis Gəncədə iğtişaş törədənlərə qarşı silahdan istifadə etmir, amma pərdə arxasında gizlənmiş qüvvələrin əlində alətə çevrilmiş dağıdıcı radikal qrupun üzvləri xidməti vəzifəsini yerinə yetirən, iğtişaşın qarşısını alan polisə soyuq silahla hücum edir və iki polis zabitini qətlə yetirirlər".

Baş redaktor bildirib ki, iğtişaşçılara dəstək verən, hadisələrin mahiyyətini təhrif edən, sosial şəbəkədə ictimai rəyi çaşdırmağa çalışan qaragüruhçular, təxribatçılar anlamalıdırlar ki, onlar özləri də iğtişaş törədənlər qədər məsuliyyət daşıyırlar və qanun qarşısında cavab verməlidirlər: "Bəzi avantüristlər isə böhtan xarakterli informasiya yayaraq, iddia edirlər ki, öldürülən polislər, guya iğtişaşçılar tərəfindən öldürülməyib. Məlum uydurmadır, belələri vaxtilə Nardaran hadisələri zamanı qətlə yetirilmiş polis işçilərinin də əməliyyat keçirənlər tərəfindən öldürüldüyünü iddia edirdilər. Yalan ayaq tutar, amma yeriməz. Heç şübhəsiz ki, istintaq-əməliyyat tədbirləri zamanı bütün günahkarlar aşkar ediləcək və qanuna müvafiq olaraq sərt cəzalandırılacaqlar. Respublikanın hüquq-mühafizə orqanları bu istiqamətdə ciddi fəaliyyət göstərməli və ölkədə sabitliyi, əmin-amanlığı pozmaq istəyənlərə, dövlətçiliyə qəsd cəhdlərinə qarşı barışmaz mövqe tutmalıdırlar.

Prezident seçkilərindən əvvəl özlərini virtual məkanda, sosial şəbəkədə millət, Vətən təəssübkeşi kimi ictimai rəyə sırımağa çalışan sosial şəbəkə trolları antiazərbaycan kampaniyasına rəvac vermişdilər. Məqsədlərinə çata bilmədilər, əksinə ümumxalq nifrəti ilə üzləşdilər. Bir müddət keçir düşmən dairələrin dəst-xətti, fəaliyyət metodu dəyişir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisinə sui-qəsd təşkil edilir. Ardınca Mingəçevir İES-də qəza baş verir, sonra da Gəncədə başıpozuq radikal ünsürlər iğtişaş törədir, onların sosial şəbəkələrdəki azsaylı dəstəkçiləri də xalqı itaətsizliyə çağırırlar. Bir zəncirin halqalarına bənzəmirmi?!

Azərbaycanın müstəqil siyasət yeritməsini, dinamik inkişafını və tərəqqisini gözü götürməyən dairələrin və “sapı özümüzdən olan baltalar”ın, dönüklərin, xəyanətkarların, özgə qapılarında sümsünən simasızların, iddiaları qabiliyyətləri ilə tərs mütənasib olan şərəfsizlərin dəst-xətti tanış gəlmirmi?!"

Jurnalistin sözlərinə görə, Vətənə, xalqa, milli maraqlara xəyanət ağır cinayətdir: "İllər, onilliklər ötsə də nə xəyanətkar unudulur, nə də əməlləri. Xalq belələrini əbədi nifrətlə damğalayır. Azərbaycan dünyəvi dövlətdir, kənardan oxunan moizələrin təsiri altında təxribatlar törətməklə burada dini, teokratik dövlət qurmaq niyyəti iflasa məhkumdur. Din insanların inancıdır, dünyagörüşüdür, əxlaqıdır. Radikal qrupların yayıldığı coğrafiyada, din məqsədli şəkildə siyasiləşdirilir və ondan digər regionlara müdaxilə üçün məharətlə istifadə olunur. Buna görə də dinimizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi kənar təsirlərdən qorumalıyıq. Azərbaycanı İraqa, Suriyaya çevirmək cəhdləri, ölkəmizi böyük güclərin diktəsi ilə işləməyə sövq etmək xülyası baş tutan deyil".

H.Həsənov vurğulayıb ki, Gəncə hadisələrinin dinlə heç bir əlaqəsi, bağlılığı yoxdur: "Bu fikrin doğruluğuna əmin olmaq üçün təkcə belə bir fakta nəzər salmaq kifayətdir: Gəncədə qətlə yetirilmiş polis zabiti Səməd Abbasov Gəncə İmamzadə kompleksinin axundu Hacı Tahir Abbasovun qardaşıdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təbirincə desək, bizim siyasətimiz xalqın maraqlarını təmin edən siyasətdir: “Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerlərdədir”.

Prezident İlham Əliyevin uzaqgörən, məntiqli, elmi əsaslara söykənən fəaliyyətinin siyasi-praqmatik müstəvidən real müstəviyə keçməsi bir daha təsdiq edir ki, dövlətimizin başçısının bitkin, siyasi-iqtisadi və sosial cəhətdən yüksək peşəkarlıqla əsaslandırılmış strateji fəaliyyət proqramları vardır. Siyasi və hüquqi liberallaşdırmaya, vətəndaş cəmiyyətinin inkişafına xidmət edən islahatların sürətləndirilməsi millətin intellektual potensialının reallaşdırılmasına, ölkənin tərəqqisinə və innovasiyalı modernləşməyə istiqamətlənmişdir. Heç bir qüvvə, heç bir təhdid Azərbaycanı müstəqil siyasət yeritməkdən çəkindirə bilməz. Vətənimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, milli-mənəvi dəyərlərimizin hədəfə alındığı, sınağa çəkildiyi bütün məqamlarda Azərbaycan xalqı öz sınanmış lideri, Prezidenti, görkəmli dövlət xadimi cənab İlham Əliyevin yanında olacaq".

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti