...

Hikmət Hacıyev: Azərbaycan və Rusiya birgə səylər və tədbirlərlə əməkdaşlığı daha da gücləndirməyə çalışır

Gündəm Materials 1 Sentyabr 2018 19:32 (UTC +04:00)
Azərbaycan və Rusiya birgə səylər və tədbirlərlə əməkdaşlığı daha da gücləndirməyə çalışır
Hikmət Hacıyev: Azərbaycan və Rusiya birgə səylər və tədbirlərlə əməkdaşlığı daha da gücləndirməyə çalışır

Bakı. Trend:

Azərbaycan və Rusiya birgə səylər və tədbirlərlə əməkdaşlığı daha da gücləndirməyə çalışır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "TRT World" kanalına müsahibəsində deyib.

Azərbaycanın Rusiya və Almaniya ilə əlaqələri və regiona artan maraqlar haqqında sualı cavablandıran H.Hacıyev bildirib ki, Azərbaycan öz xarici siyasətində bütün tərəfdaş və dost dövlətlərlə bərabər hüquqlu və normal əlaqələrin qurulmasının tərəfdarıdır. Bu xüsusda o, Rusiyanın Azərbaycanın qonşu dövləti olduğunu və iki ölkə arasında ənənəvi dostluq əlaqələrinin hökm sürdüyünü deyib.

XİN sözçüsü iki ölkənin birgə səylər və tədbirlərlə əməkdaşlığı daha da gücləndirməyə çalışdığını vurğulayıb. Digər tərəfdən, o, Azərbaycanın Avropa İttifaqından olan tərəfdaşlarla yaxından əməkdaşlıq etdiyini qeyd edərək Avropa İttifaqı, Aİ-nin üzv dövlətləri, o cümlədən Almaniya ilə əməkdaşlıq üzrə Azərbaycanın geniş gündəliyinin olduğunu nəzərə çatdırıb.

Münaqişənin həlli və vasitəçilik missiyaları haqqında sualı cavablandıran H.Hacıyev Cənubi Qafqaz regionunun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən işğalından əziyyət çəkdiyini və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğunun regional sülh və təhlükəsizliyi ciddi təhdid etdiyini vurğulayıb.

Münaqişənin həlli üzrə yol xəritəsinin hər kəsə aydın olduğunu və bunun beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslandığını deyən XİN rəsmisi bütün həmsədr ölkələrin BMT TŞ-nin qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün səylərini artırmasının vacibliyini diqqətə çəkib.

Münaqişənin həllində Almaniyanın roluna gəldikdə isə o, Almaniyanın Minsk qrupunun üzv ölkələrindən biri olduğunu bildirib: “Azərbaycanın gözləntisi ondan ibarətdir ki, Minsk qrupunun həmsədrləri ilə birlikdə Minsk qrupunda iştirak edən bütün dövlətlər fəal olaraq BMT TŞ-nin qətnamələrinin həyata keçirilməsinə dəstək olmalıdırlar”.

BMT TŞ-nın qətnamələrinin mahiyyətinə toxunan H.Hacıyev xatırladıb ki, bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Yekunda XİN rəsmisi Azərbaycan xalqının 25 ildən artıq bir dövr ərzində bu münaqişədən əziyyət çəkdiyini və Azərbaycanın münaqişənin substantiv və intensiv danışıqlar yolu ilə həllini dəstəklədiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti