...

Prokuror təyyarə cihazlarını ölkədən çıxaran dəstəyə 28 il cəza istədi

Gündəm Materials 7 Noyabr 2018 19:00 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Ələddin Qarayev, Fərman Əhmədov, Südabə Mehdiyeva və Rusiya vətəndaşı İdris Axundovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prokuror təyyarə cihazlarını ölkədən çıxaran dəstəyə 28 il cəza istədi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Ələddin Qarayev, Fərman Əhmədov, Südabə Mehdiyeva və Rusiya vətəndaşı İdris Axundovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərin hər birinin 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses noyabrın 14-nə təyin edilib.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsində hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısının alınması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, həmin cihazlar cinayətkar qrupun üzvü tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycandan Rusiyaya aparılarkən "Samur" gömrük postunda aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı cinayətkar qrupun 4 üzvü, Azərbaycan vətəndaşları - Qarayev Ələddin Fəyyaz oğlu, Əhmədov Fərman Allahyar oğlu, Mehdiyeva Südabə Gülməmməd qızı və Rusiya vətəndaşı Axundov İdris Nəsib oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə onlara ittiham elan edilib.

İstintaqla müəyyən edilib ki, İ.Axundov hava gəmilərində istifadə edilən külli miqdarda cihazı gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmək barədə Ə.Qarayev, F.Əhmədov və S.Mehdiyeva ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib.

Əldə edilən razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Ə.Qarayev gömrük sərhədindən qaçqmalçılıq yolu ilə keçirilərək qonşu ölkəyə göndərmək məqsədilə ümumilikdə 68 adda cihazı yaşadığı Ağcabədi rayonunun Qaradolaq kəndindən Bakı şəhərinə, F.Əhmədova göndərib. O, isə həmin malları Bakının Qaradağ rayonundakı "Sədərək" bazarında S.Mehdiyevaya təhvil verib. Həhayət, həmin mallar sonuncu şəxs tərəfindən ölkənin gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirilərkən gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti