Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti, siyasi elmlər doktoru, professor Toğrul Adil oğlu Bağırov bu gün Bakıda II Fəxri xiyabanda dəfn olunub.
Trend-in məlumatına görə, dəfndən əvvəl Təzə Pir məscidində mərhumla vida mərasimi keçirilib. Mərasimdə xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət naziri Əbülfəs Qarayev, "Azərbaycan Hava Yolları" QSC-nin sədri Cahangir Əsgərov, ictimai-siyasi xadimlər, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Vida mərasimində çıxış edən professorun həyat yoldaşı məclisə gələnlərə təşəkkürünü bildirərək qeyd edib ki, T.Bağırov hamı ilə halallaşaraq dünyadan köçüb.
Sonra T.Bağırov II Fəxri xiyabanda dəfn olunub.
Dəfn mərasimində Trend-ə danışan mərhumun oğlu Adil Bağırov bildirib ki, T.Bağırovun bu günədək gördüyü işlərin hər birində Azərbaycanın adı olub:
“O, nə edirdisə, hər birini doğma vətəninə, torpağına görə edirdi. Atam bu günədək çox böyük və önəmli işlər görüb. O, hər bir işində yalnız Azərbaycanın gələcəyini və inkişafını düşünərək, bayrağımızın daha da uca zirvələrdə dalğalanmasını arzu edirdi. Son 15 il ərzində onun ən böyük işlərindən biri isə Nobel irsi ilə bağlı idi. Atam, həmçinin əslən Qarabağdan idi və əlindən gələni edirdi ki, dünya Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətləri öyrənsin. Çox təəssüf ki, atam torpağlarımızın azad olunmasını görə bilmədi, buna baxmayaraq o, həmişə ümid edirdi ki, torpaqlarımızın işğaldan azad olunacağı gün yaxındadır”.
Mərasimdə iştirak edən Xalq artisti Fərhad Bədəlbəyli isə Trend-ə bildirib ki, T.Bağırov layiqli vətəndaşı idi, Azərbaycan üçün çox işlər görüb.
“Qarabağ dərdi onun daim narahat edirdi. Biz onunla həmişə bu mövzuda danışardıq, Toğrul öz yurduna qayıtmağı çox arzulayırdı. Toğrul Azərbaycanı tanıtmaq üçün xaricdən bura çox sayda ziyalı insanları, iş adamlarını gətirirdi. Onlara müvafiq məlumatlar verir, Azərbaycanın necə gözəl ölkə olduğunu göstərirdi. Ümid edirəm ki, Toğrulun gördüyü işlər davam etdiriləcək, çünki o, daim Vətəni üçün çalışıb”.
Siyasi elmlər doktoru, professor Toğrul Adil oğlu Bağırov 1954-cü il mayın 6-da Bakıda anadan olub. 1976-cı ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər fakültəsini bitirib. 1976-1990-cı illərdə SSRİ Xarici İşlər Nazirliyində, SSRİ-nin ABŞ-dakı səfirliyində, SSRİ-nin BMT Avropa bölməsi (Cenevrə) nəzdindəki nümayəndəliyində işləyib. 1991-1992-ci illərdə RF Xarici Siyasət Fondunda Rusiya özəl biznesinə dəstək intellektual mərkəzinin proqramları üzrə vitse-prezident vəzifəsində çalışıb.
1993-1996-cı illərdə energetika sahəsində “Resursların istismarı” beynəlxalq konsaltinq şirkətinin prezidenti olub. 1994-cü ildən Rusiya Federasiyasının yanacaq və energetika nazirinin xüsusi müşaviri, bir sıra nəhəng neft-qaz şirkətlərinin (“Qazprom”, “LUKoyl”, “Transneft”, “Zarubejneft”, “Tatneft”) məsləhətçisi, ixtisaslaşmış beynəlxalq qeyri-hökumət təşkilatları olan Rusiya-Amerika, 1996-cı ildən Moskva Beynəlxalq Neft-Qaz Klubunun icraçı vitse-prezidenti işləyib. 1996-cı ildən Rusiya Federasiyası hökumətinin nəzdində Neft-qaz sahəsində beynəlxalq layihələr üzrə ictimai konsultativ mərkəzin rəhbəri, Rusiya Federasiyası hökuməti sədrinin ştatdankənar məsləhətçisi olub.
T.Bağırov 1997-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib. O, “Moskva neft klubu” fondunun icraçı vitse-prezidenti, Davos və Zalsburq Ümumdünya İqtisadi Forumunun, Rusiya-OPEC dialoqunun iştirakçısı, 1998-ci ildən Amerika-Rusiya İşgüzar Şurasının (ARİŞ) daimi üzvü olub. 2000-ci ildə T.Bağırov ARİŞ-in Rusiya analoqu olan Rusiya-Amerika İşgüzar Əməkdaşlıq Şurasının Qəyyumluq şurası sədrinin müavini seçilib. O, “İncəsənət aləmi” beynəlxalq humanitar təşkilatının, Sankt-Peterburqun Mariinsk Opera və Balet Teatrının Müşahidə şuralarının üzvü, Rusiya Beynəlxalq Nobellər İrsi Fondunun təsisçisidir.
2004-cü ildə “1990-cı illərdə Rusiya-Amerika münasibətləri kontekstində Rusiyanın neft-qaz sektorunda islahatların beynəlxalq əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
O, “Mejdunarodnaya jizn”, “Amerika”, “Neft Rossii” jurnallarının daimi müəllifi olub. T.Bağırovun dərc olunmuş işləri arasında “Rusiya və OPEC ölkələri - əməkdaşlığın perspektivləri”, “Rusiyanın xarici siyasətində neft və qaz”, “1990-cı illərdə Rusiyanın neft-qaz sektorunda iqtisadi dəyişikliklərin beynəlxalq əhəmiyyəti” mövzusunda monoqrafiya və s. yer alır. Bundan başqa, Rusiya Dövlət Duması və ABŞ Konqresi arasında dialoqa dəstək ictimai qrupunun üzvü, energetika üzrə Duma-Konqres böyük qrupunun yaradılmasının təşəbbüskarı olub.
Allah rəhmət eləsin!