...

Dörd nəfər başqasının yerinə imtahan vermək istədi - DİM açıqladı

Gündəm Materials 14 Fevral 2019 17:37 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzinin fevralın 10-da keçirilən sınaq imtahanında 4 nəfər başqasının yerinə imtahana girməyə cəhd edib.
Dörd nəfər başqasının yerinə imtahan vermək istədi - DİM açıqladı

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzinin fevralın 10-da keçirilən sınaq imtahanında 4 nəfər başqasının yerinə imtahana girməyə cəhd edib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, fevralın 10-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun keçirilən sınaq imtahanında Bakı və Gəncə şəhərlərində bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunub.

Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Fevralın 10-da keçirilən imtahan sınaq imtahanı olsa da, 4 nəfərin başqasının yerinə imtahana girmək cəhdi müəyyən olunub. Abituriyentlərin və onların valideynlərinin nəzərinə çatdırırıq ki, qeyd olunan proqram texniki vasitə ilə belə hallar asanlıqla aşkara çıxarılır. İmtahana giriş zamanı proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə real vaxt rejimində götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə dərhal məlumat verir.

2018-ci il qəbul imtahanlarında da abituriyentin əvəzinə başqa şəxsin imtahan binasına daxil olmağa cəhd etməsi kimi hallarla rastlaşmışıq və həmin məsələ ilə bağlı müəyyən olunan faktlar hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara göndərilib. Bu faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb.

İmtahan iştirakçıları və onların valideynləri belə məsələlərdə diqqətli olmalı, heç bir halda qanunun pozulmasına şərait yaratmamalı və müəyyən insanların şirnikləndirici təkliflərinə məhəl qoymamalıdırlar.

Xatırladaq ki, fevralın 17-də keçiriləcək ilk-peşə ixtisas təhsili müəssisələrinin buraxılış, dövlət qulluğuna və daha sonra magistraturaya qəbul imtahanlarında da bəzi binalarda yeni texnologiyanın imkanlarından istifadə olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti