...

Çaylardakı son vəziyyət açıqlanıb

Gündəm Materials 30 Aprel 2019 22:48 (UTC +04:00)
Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.
Çaylardakı son vəziyyət açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 70, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 60-90, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 160-210 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 328 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 46 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 315 m3/s olmaqla, ongünlük normadan az olub.

Aprelin 29-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 132 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 74 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 139 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 17 sm azalaraq 571 sm təşkil edib. Bu rəqəm 2018-ci il aprelin 29-da isə 369 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 8 sm azalaraq 409 sm qeydə alınıb. 2018-ci il aprelin 29-da isə bu rəqəm 257 sm təşkil edib. Salyanda suyun səviyyəsi 18 sm azalıb və 418 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 188 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 6 sm azalaraq 307 sm olub və bu göstərici 2018-ci il aprelin 29-da 194 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 20 sm azalaraq 300 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il aprelin 29-da isə 74 sm təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti