Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Eldar Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anası Təravət Əfəndiyeva ifadə verməkdən imtina edib.
Daha sonra təqsirləndirilən şəxsin xalası Məlahət Axundova bildirib ki, anasını Eldar Əfəndiyev öldürərək yandırıb.
Prosesdə qətlə yetirilən qadının iki qızı - M.Axundova ilə bacısı T.Əfəndiyeva arasında dəfələrlə mübahisə yaranıb. M.Axundova bacısını mərhum anasının qızıllarını ələ keçirmək istəməkdə ittiham edib. Tərəflər bir-birinin ünvanına xoşagəlməz ifadələr işlədiblər. Hakim və məhkəmə nəzarətçiləri onlara xəbərdarlıq edib.
Proses iyulun 3-də davam edəcək.
İttihama görə, ötən il noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda yanğın baş verib. Saat 09:30 radələrində yanğın söndürüldükdən sonra həmin evdə yaşamış 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü E.Əfəndiyevin törətdiyi müəyyən olunub və o, tutularaq istintaqa cəlb olunub.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.