Bakı. Trend:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin təşkilatçılığı, “Mars Academy”, AREA-Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Engineering for Kids” şirkətinin tərəfdaşlığı ilə 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə şəhid hərbçilərin övladları üçün tədbir keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə 2016-cı ilin aprel döyüşlərində şəhid olan hərbçilərin övladlarına robotiks master-klası təşkil olunub. Eyni zamanda, onlar dron uçuşlarında iştirak edərək əyləncəli zaman keçiriblər.
Onların inkişafı üçün müxtəlif intellektual oyunlar və müsabiqələr də təşkil edilib. Uşaqlara robotların işləmə mexanizmləri və dron texnologiyaları, onların yığılması, test edilməsi əyani şəkildə izah edilib.
Tədbirdə bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində robototexnika dərnəyi fəaliyyət göstərir. Bu dərnəklərdə yay ərzində robototexnika kursları və dron uçuşları təlimləri keçirilir. Aprel döyüşlərində şəhid olan hərbçilərin övladları öz seçimləri əsasında istədikləri təlimdə iştirak edə bilərlər.
Qeyd edək ki, sözügedən təlimlər aprel döyüşlərində şəhid olan hərbçilərin övladları üçün ödənişsiz olacaq.