Bakı. Elçin Mehdiyev - Trend:
İyulun 20-dən 28-dək gücləndirilmiş iş rejimində çalışan daxili işlər orqanlarının əməkdaşları tərəfindən bu müddət ərzində paytaxtımızda keçirilən XV Avropa Gənclərinin Olimpiya Festivalı, eyni zamanda iyulun 22-dən 25-ə qədər velosiped yarışları və JARA musiqi festivalında təhlükəsizlik yüksək səviyyədə təmin olunub.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilir ki, xidmətə cəlb edilmiş yol patrul xidmətinin əməkdaşları Olimpiya Festivalı zamanı idmançıları, nümayəndə heyətlərini daşıyan 136 ədəd avtobusun tədbir yerlərinə, həmçinin təyin edilmiş ərazilərə təhlükəsiz çatmasını üçün fasiləsiz xidmət aparıb. İdmançıların və qonaqların qarşılanması, yola salınması prosesində yol polisləri 24 saat fəaliyyət göstəriblər.
Yarışların keçirildiyi günlər ərzində tədbir iştirakçıları ilə bağlı hər hansı yol nəqliyyat hadisəsi qeydə alınmayıb.
Bildirilir ki, tədbirin keçirildiyi günlərdə sarı zolaqlarla bağlı bir neçə faktı nəzərə almasaq, sürücülərə cərimələr tətbiq edilməyib. Bu isə aparılan profilaktik tədbirlərin uğurlu nəticəsi, eləcə də polis-vətəndaş münasibətlərinin yüksək qarşılıqlı anlayış səviyyəsində olduğunun bariz nümunəsidir.