...

Bakıda Türk dünyası ölkələrinin 2020-ci il üzrə əsas istiqamətləri təsdiqləndi

Gündəm Materials 30 Yanvar 2020 12:34 (UTC +04:00)
Yanvarın 30-da Bakıda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 3-cü iclası keçirilib.
Bakıda Türk dünyası ölkələrinin 2020-ci il üzrə əsas istiqamətləri təsdiqləndi

Bakı. Elçin Mehdiyev - Trend:

Yanvarın 30-da Bakıda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 3-cü iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev, Təhsil naziri Ceyhun Bayramov, Qazaxıstan və Qırğızıstanın Təhsil nazirinin müavinləri Kanat Sarsembayev və Japarkul Taşiyev, Türkiyə Respublikası Milli Təhsil Nazirliyi Təlim və Təhsil İdarəsinin rəhbəri Burhanettin Dönməz, Türkiyə Respublikası Ali Təhsil Şurasının sədr müavini Mehmet Şişman, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Özbəkistanın ölkəmizdə akkreditə olunmuş səfir və diplomatları iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov açılış nitqi ilə çıxış edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gənc təşkilat olmasına baxmayaraq qısa müddət ərzində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirdiyini və öz fəaliyyətini dərinləşdirdiyini bildirib. Onun sözlərinə görə Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan türk dünyasının ayrılmaz bir hissəsi kimi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və bütün türk xalqları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini yüksək səviyyəyə çatdırıb: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində mövcud olan qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişlənəcəyinə və türk xalqlarının mədəni və mənəvi irsinin tədqiqinə dair nailiyyətlərimizin artacağına, bu xüsusda mühüm rol oynayan təhsil və elm sahəsində əməkdaşlığın inkişaf edəcəyinə ümid edirəm".

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli isə rəhbərlik etdiyi təşkilatın fəaliyyətinin ötən il kifayət qədər uğurlu olduğunu diqqətə çatdırıb: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşlərində dövlət başçılarımızın verdiyi təlimatlar, Elmi Şuranın Qırğızıstanda keçirilən son toplantısında Akademiya qarşısında qoyulan məsələlər uğurla həyata keçirilib. Fəaliyyətimizə qısa nəzər salaraq vurğulamaq istəyərdim ki, bir sıra təşkilatlarla əhəmiyyətli layihələr keçirdik. Ötən il ərzində akademiya çərçivəsində 30-dan çox beynəlxalq forum, simpozium, seminarlar təşkil olunub. Eyni zamanda, akademiya tərəfindən müxtəlif dillərdə 24 yeni kitab nəşr olunub".

Sonra 2020-ci il üzrə Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına sədrliyin Azərbaycan Respublikası Təhsil Nazirliyinə keçdiyini bildirən lövhə və hədiyyə C.Bayramova təqdim edilib.

Daha sonra iclasda təşkilatın 2020-ci il üçün əsas elmi istiqamətləri, fəaliyyət prioritetləri və keçirilməsi planlaşdırılan türk dünyasının önəmli yubiley tədbirlərinin siyahısı, o cümlədən təhsil və elm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilərək təsdiqlənib.

Qeyd edək ki, 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə görüşü ilə təşkilata sədrlik Azərbaycana və müvafiq olaraq Beynəlxalq Türk Akademiyası Elmi Şurasının sədrliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti