Bakı. Samir Əli - Trend:
Azərbaycanın koronavirusla bağlı bəzi ölkələrlə sərhədləri bağlana bilər.
Trend-in məlumatın görə, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə tədbirlər görülür: "Azərbaycana koronavirusun keçməsinin qarşısının alınması üçün bütün lazımi addımlar atılır. Azərbaycanın bu xəstəlik aşkarlanan ölkələrlə sərhədi bağlaması istiqamətində çox yüksək səviyyədə danışıqlar aparılır. Danışıqların nəticəsi olaraq bu barədə qərar veriləcək".
XXX
saat 18:27
Azərbaycanda koronavirusla bağlı qaynar xətt yaradılıb.
Trend-in məlumatın görə, bunu TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.
O qeyd edib ki, 15 42 nömrəli "Qaynar Xətt" 24 saat fəaliyyət göstərir:
"Vətəndaşlar özlərində hər hansısa bir şübhə hiss edərsə, bu nömrəyə zəng vurub məlumat verə bilər. Eləcə də Bakıda 103, regionlarda isə 113 təcili yardım xidmətinə müraciət edilə bilər".
XXX
saat 18:16
Azərbaycanda hazırda koronavirus şübhəsi ilə 224 nəfər karantində saxlanılır.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.
Onun sözlərinə görə, həmin şəxslərdən 1-i İtaliya, 12-si İran, qalanı isə digər ölkə vətəndaşlarıdır: "Həmin şəxslər müalicə olunmur. Hazırda onlardan müayinələr götürülüb və cavablar gözlənilir. Cavablar gələnə qədər onlar karantində saxlanılacaq".
XXX
saat 17:55
Bu gün ölkədə aşkarlanan ilk koronavirus xəstəsi 1997-ci il təvəllüdlü Rusiya vətəndaşıdır.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.
Onun sözlərinə görə, xəstə sərhədi keçərkən məlumat verib: "Xəstə dərhal nəzarətə götürülüb. Hazırda karantində saxlanılır. Vəziyyəti stabildir, ağırlaşma yoxdur. Artıq xəstədən müayinələr götürülüb. Analizlər götürülüb. Həmin xəstə xüsusi boks şəraitində saxlanılır".
XXX
saat 17:01
Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir.
Trend-in məlumatına görə, qərargah koronavirusla bağlı jurnalistlərin suallarını cavablayır.
Qeyd edək ki, bu gün Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.