...

Gəncədə xüsusi karantin qaydalarını pozan 100-dən çox sakin cərimələndi (FOTO)

Gündəm Materials 17 Dekabr 2020 15:27 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Gəncədə “İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” tərəfindən həyata keçirilən reydlər davam edir.

Gəncə Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, nəzarət qrupunun üzvləri şəhərdə fəaliyyət göstərən iri sənaye müəssisələri və poliklinikalara baş çəkiblər.

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının iştirakı ilə keçirilən reydlər zamanı obyekt sahibləri ilə söhbətlər aparılıb, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl olunmasının vacibliyi bir daha xatırladılıb.

Bununla yanaşı, sözügedən müəssisələrdə hərarət ölçənin olması, işçilər arasında sosial məsafənin təmin edilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, həmçinin binaların mütəmadi dezinfeksiya edilib edilməməsi yoxlanılıb. Sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər.

Qrup üzvləri gün ərzində şəhərdə əhalinin sıx toplaşdığı ərazilərdə, xüsusilə ATM-lərin qarısında sakinlərlə söhbətlər aparıb, vətəndaşları xüsusi karantin rejiminin qaydaları, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə riayət etməyə çağırıblar.

Reydlər zamanı xüsusi karantin rejimi qaydalarına riayət etməyən 100-dən çox sakin barəsində protokol tərtib edilib, 20-yə yaxın şəxsə isə şifahi xəbərdarlıq olunub.

Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar keçirilən reydlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti