Bakı. Samir Əli - Trend:
Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gəlmiş peşəkar klinik-psixoloq və psixoterapevtlər FHN-in mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoloji reabilitasiyasını davam etdirirlər.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq fevral ayının 26-dan etibarən Bakı şəhəri ilə yanaşı, Gəncə və Bərdə şəhərlərində də müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlarımızın psixoterapevtik reabilitasiyasına başlanılıb.
Ümumilikdə ötən müddət ərzində FHN-in “112” qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılmış 1000 nəfərdən artıq Vətən müharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü və erməni terrorundan zərər görmüş digər şəxslərə, o cümlədən 90-a yaxın uşaq və yeniyetməyə müvafiq yardımlar göstərilib.
Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.