Bakı. Trend:
İyun ayının 4-dən 6-dək Bakıda "Formula-1" yarışlarının Azərbaycan Qran-Prisi keçiriləcək. Bakı "Formula-1" yarışlarına 2016-cı ildən ev sahibliyi edir. Obrazlı ifadə etsək "Formula-1"in yeni ünvanlarından olan Bakı indi həm də dünyanın sürət paytaxtıdır. Xüsusi olaraq inşa olunmuş Bakı Şəhər Halqası "Formula-1" təqviminə ən yeni əlavədir. Dünyada bu yarışı təqribən 500 milyondan artıq tamaşaçı izləyir. Bu göstərici ilə "Formula-1", tamaşaçı sayının çoxluğuna görə futboldan sonra ikincidir. Ona görə belə mötəbər avtomobil yarışının Azərbaycanda keçirilməsi olduqca vacibdir. Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
K.Nurullayeva bildirib ki, Azərbaycan ilk dəfə deyil ki, beynəlxalq maraq kəsb edən, bütün dünyada idmansevərlərin izlədiyi populyar idman yarışlarına ev sahibliyi edir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib:
"Xüsusən, son onillikdə Bakıda və Azərbaycanın regionlarında ən nüfuzlu dünya və Avropa yarışları təşkil olunmaqdadır.
Qeyd edim ki, vaxtilə Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəhbəri kimi Azərbaycan nümayəndə heyəti ilə xarici ölkələrə səfərlərimiz, eyni zamanda Bakıda keçirdiyimiz görüşlər zamanı beynəlxalq idman təşkilatlarının rəhbərləri yarışlarda nümunəvi təşkilatçılığa görə respublikamıza heyranlıqlarını bildirir, razılıqlarını ifadə edirdilər. Yadımdadır ki, hələ illər əvvəl Bakı şəhərinin Olimpiya Oyunlarına evsahibliyi ilə bağlı müzakirələr aparılanda Avropa və Beynəlxalq Olimpiya komitələrinin rəhbərlikləri Azərbaycanın beynəlxalq Olimpiya Hərəkatında çox fəal iştirakını və bu hərəkata verdiyi töhfələri qeyd etmiş, ölkəmizdə idman sahəsində gedən quruculuq işlərinin çox geniş vüsət almasını, Bakıda böyük idman tədbirlərinin keçirilməsi üçün infrastrukturun yaradılmasını yüksək dəyərləndirmişdilər.
2011-ci ilin noyabr ayında mənə göstərilən böyük etimad nəticəsində "Bakı 2020" layihəsinin icraçı direktoru təyin olunaraq, dövlətimiz üçün ən böyük və mötəbər idman layihələrindən biri olan “Bakı 2020” layihəsi çərçivəsində Azərbaycanın namizədlik prosesinə rəhbərlik etməyə başlamışdım. Həmin ərəfədə Bakıda dünyanın ən yaxşı idman icraçılarından sayılan avstraliyalı Bob Elfinstonla görüş keçirmişdik. Bob Elfinston Bakının gözəlliyi qarşısında heyran qaldığını bildirərək demişdi: "Bakı dünyanın ən böyük sirlərini özündə gizlədən və kəşflər üçün ən real məkan olan şəhərdir".
2012-ci ildə Avropa Olimpiya Komitəsi tərəfindən tarixdə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsi də Azərbaycanın Olimpiya Hərəkatına verdiyi töhfələrin, Bakıda olimpiya oyunlarını təşkil etmək imkanına malik idman infrastrukturunun mövcud olması demək idi. Bu qərar Avropa Olimpiya Komitəsinin Romada keçirilən 41-ci Baş Assambleyasında qəbul edilmişdi. Həmin tədbirdə MOK-un Beynəlxalq Münasibətlər İdarəsinin rəhbəri kimi mən də iştirak edirdim. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsi hazırlıq işlərini ən mükəmməl səviyyədə həyata keçirdi. Bütün Avropa və dünya Azərbaycanın timsalında beynəlxalq idman yarışına ideal ev sahibliyinin nümunəsini gördü. Bu mötəbər idman yarışını yüksək səviyyədə təşkil etməklə Azərbaycan Avropanın idman tarixinə öz imzasını qoydu, mükəmməl və çoxnövlü idman infrastrukturu ilk Avropa Oyunlarında olduğu kimi IV İslam Həmrəyliyi Oyunlarında da Azərbaycana yüksək səviyyədə ev sahibliyi etmək imkanı verdi.
Bütün müsəlman aləminin təmsil olunduğu bu beynəlxalq idman yarışına da Azərbaycanın ev sahibliyi etməsi ölkəmizə göstərilən böyük etimadın təcəssümü idi. Həmin etimadı doğrultmaq üçün mən də Birinci xanım Mehriban Əliyevanın müdrik rəhbərliyi və mənəvi dəstəyi altında uzun müddət idman sahəsində uğurla xidmət etmiş, Avropa Oyunları və İslam Həmrəylik Oyunları kimi bir sıra mötəbər beynəlxalq idman tədbirlərinin layiqincə reallaşmasında əlimdən gələn köməyi əsirgəməmişəm. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin, eləcə də Koordinasiya Şurasının üzvü, Əməliyyat Komitəsində MOK-lararası Əlaqələr İdarəsinin rəhbəri kimi Oyunlar zamanı ölkəmizin gücü ilə qürur hissi keçirmişəm. Cənab Prezidentin xüsusi diqqəti, Birinci xanımın bilavasitə rəhbərliyi ilə həyata keçirilən hazırlıq işlərinin nəticəsi olaraq IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın növbəti uğuru kimi tarixə həkk olundu.
“Bakı-2015”-də qazanılan təcrübə və sərgilənən təşkilatçılıq işi IV İslam Həmrəyliyi Oyunlarında da mükəmməl şəkildə təmin olundu. Ən əsası, bir daha sübut olundu ki, iradə və qətiyyət olan yerdə hər şey mümkündür.
İdmandan söz açarkən gənclər və idman naziri Azad Rəhimovun xatirəsini yad etməmək mümkün deyil. Onun vaxtsız ölümü bizlərin ürəyində dərin iz və kədər buraxdı. İdman ictimaiyyəti gözəl, safqəlbli və peşəkar bir insanı itirdi. Allahdan Azad müəllimə rəhmət, əzizi və doğmalarına isə bir daha sonsuz səbr arzulayıram! İlk Avropa Oyunları, eləcə də İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsində Azad müəllimin, eləcə də Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti, eyni zaman Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Çingiz Hüseynzadənin rolunu xüsusi qeyd etməliyəm. Bu şəxslər dövlət rəsmiləri olaraq ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq idman tədbirlərinin ən yüksək səviyyədə təşkilinə öz töhfələrini veriblər.
Məhz rəhbərliyin bizə göstərdiyi daimi mənəvi dəstək, aşıladığını ruh yüksəkliyi və qayğı hər birimizi işimizə daha da məsuliyyət və qətiyyətlə yanaşmağa ruhlandırır, dövlətimizi, vətənimizi və millətimizi layiqincə təmsil etmək amalına kökləyirdi. Gənc yaşlarımda mənə göstərilən etimadları doğrultmaq ikiqat məsuliyyət tələb edirdi.
Onu da qeyd edim ki, həm Birinci Avropa Oyunlarının, həm IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi gələcəkdə Yay Olimpiya Oyunlarının ölkəmizdə təşkili üçün də zəmin yaradır. Beynəlxalq idman təşkilatlarının Azərbaycanla bağlı indiyədək yeganə narahatçılığı ölkəmizdə kompleks yarış təcrübəsinin olmamasına dair idi. Birinci Avropa və İslam Həmrəyliyi Oyunlarından sonra bu narahatçılıq tamamilə aradan qalxdı.
Əminəm ki, digər yarışlarda olduğu kimi, növbət “Formula 1” Qran Prisi də uzun müddət xatırlanacaq və izləyicilırə həyəcanlı və sevincli anlar bəxş edəcək. Çünki bu yarışların təşkilatçısı mötəbər idman turnirlərinin keçirldiyi əsas ünvanlardan olan və dünyada idman dövləti kimi tanınan Azərbaycandır".