Bakı. Trend:
Qusar rayonunda 4 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, uzun müddət əsaslı şəkildə təmir olunmayan torpaq əsaslı və çınqıl örtüklü olan Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun eni və uzunu tikinti norma və standartlara uyğun deyildi. Bu üzdən torpaq işlərinin yerinə yetirilməsi tələb olunurdu. Bundan başqa texnoloji ardıcıllıqla yeni yol geyiminin tikilməsi zərurəti yaranmışdır.
Hazırda təmir işləri aparılan yolun eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Sözügedən yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılır, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır. Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri də aparılır.
Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud metal və dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır.
Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq. Asfaltlanma işlərinin 75 min kv.metr sahədə aparılması nəzərdə tutulur.
Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanı və məlumatverici lövhə, həmçinin siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.
Sözsüz ki, Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun yenidən bərpası ərazidə yaşayan 8 minə yaxın əhalinin daha rahat rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.