...

Azərbaycan Ordusu dünyanın güclü ordularından biri sayılır - Rauf Əliyev

Gündəm Materials 25 İyun 2021 11:15 (UTC +04:00)
Azərbaycan Ordusu dünyanın güclü ordularından biri sayılır - Rauf Əliyev

Bakı. Trend:

26 iyun tarixində Azərbaycan Xalq Cumhuriyyəti dövründə əsası qoyulan Milli Ordumuzun yaradılmasının 103 ili tamam olacaq. Hər bir dövlətin varlığının və müstəqilliyinin qorunmasında ordu müstəsna rol oynayır. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli ordusunun yaradılmasına başlanmışdır. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər işğal altında olan əraziləri azad etdi. AXC süqut etdikdən sonra sovet hakimiyyəti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti güllələndi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Məqsəd aydın idi – azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin hazırlanmasına bacardıqca imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Azərbaycan xalqının görkəmli oğlu, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci ilin iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız o vaxtlar azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmalarına nail olmuşdu.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması qarşıya qoyulan ən vacib məsələlərdən olmuşdur. Ordu quruculuğuna yalnız 1993-cü ildə Ümumilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra başlanıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu gün rəsmi dövlət bayramı kimi qeyd olunur. Bu il Azərbaycan Ordusu Böyük Zəfərindən sonra ilk dəfə Bayramını - yarandığı Günü qeyd edəcək. Bu amilin çox mühüm əhəmiyyəti var. İndi Azərbaycan Ordusu düşmən ordusunu darmadağın edən, düşmənə qalib gələn, ərazi bütövlüyümüzü bərpa edən bir ordu kimi özünü dünyaya tanıtmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan torpaqlarımızı işğaldan azad edərək qəhrəmanlıq səlnaməsi yazdı. Qəhrəman Azərbaycan Ordusu 8 noyabr tarixində Qarabağın incisi, Azərbaycanın Mədəniyyət Paytaxtı olan Şuşanı azad etdi və Ermənistan 10 noyabr 2020-ci il tarixdə təslimçilik bəyanatını imzaladı.

Bu şanlı qələbə münasibəti ilə 10 dekabr 2020-ci il tarixdə Azadlıq Meydanında Azərbaycan silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş Zəfər Paradı Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu bir daha nümayiş etdirdi. Zəfər Paradında Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı və çıxış etməsi Azərbaycan-Türkiyə Əlaqələrinin ən yüksək səviyyədə olduğunu göstərdi. 15 iyun 2021-ci il tarixdə Azərbaycanın Milli Qurtuluş Günündə Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Təyyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki ölkə arasındakı münasibətlərin dünyada analoqu olmayan, Bir millət-iki dövlət prinsipinə uyğun davam etdiyini bir daha sübut etdi.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə olduğu kimi hərbi quruculuq sahəsində də böyük uğurlar qazanmışdır. 2003-cü ildən bu vaxta kimi hərbi xərclərə ayrılan vəsaitin məbləği 15 dəfədən çox artırılmışdır. Son illlərdə yaradılmış 20-dən çox hərbi zavodda 1200 addan çox hərbi təyinatlı məhsulların istehsalına başlanmışdır. Ordumuz üçün ən müasir texnika və silahlar alınmışdır. Onların arasında zirehli texnika, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, ən müasir pilotsuz uçuş aparatları, ən müasir artileriya qurğuları, uzunmənzilli raketlər, yaylım atəşli raket sistemləri və s. göstərmək olar.

Vətən müharibəsində Azərbaycan Ordusunun apardığı döyüş taktikası və strategiyası artıq dünyanın hərbi c əhətdən qabaqcıl dövlətlərinin diqqətini cəb edib və bu təcrübəyə maraq çox böyükdür. Azərbaycan Ordusunun apardığı döyüş üsulları XXI əsrin müharibəsinin üsulları kimi qəbul edilir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyev cənablarının diqqət, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Qafqazın ən güclü ordusuna çevrilmiş, öz hərbi potensialına görə dünyanın bu sahədə ən qabaqcıl 50 ölkəsi sırasındadır..

Milli Ordumuzun yaranmasının 103-illik yubileyi münasibəti ilə Silahlı Qüvvələrimizin əsgər və zabitlərini eləcə də bütün Azərbaycan xalqını bu bayram münasibəti ilə təbrik edir, qarşıya qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsində uğurlar arzu edirəm.

Milli Məclisin deputatı

Rauf Əliyev.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti