...

FHN minalarla bağlı vətəndaşlara çağırış edib (FOTO/VİDEO)

Gündəm Materials 3 Dekabr 2021 13:59 (UTC +04:00)
FHN minalarla bağlı vətəndaşlara çağırış edib (FOTO/VİDEO)

Ağdam. Humay Ağacanova - Trend:

Azad olunan ərazilərdə yad cismə və ya partlamamış sursata rast gəlinən zaman onlara toxunmaq olmaz.

Bunu Trend-ə açıqlamasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə qrupunun komandiri, gizir B.Gülməmmədov bildirib.

"Öz doğma yurdlarına geri dönəcək olan vətəndaşlarımız bu ərazilərdə yad cisim və ya partlamamış sursatla rastlaşdığı zaman onlara toxunmamalıdırlar. Ərazidə yad cisim və ya partlamamış sursatla rastlaşdığınız zaman oradan uzaqlaşaraq dərhal müvafiq qurumlara və ya Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə məlumat verməyinizi xahiş edirik. Valideynlərdən xahişimiz budur ki, buraya gəldikləri zaman övladlarını nəzarətsiz buraxmasınlar. Ərazidə qoyulan xəbərdarlıq nişanlarına ciddi şəkildə əməl etsinlər ki, müharibənin partlayıcı qalıqlarının qurbanına çevrilməsinlər.

Bu işdə bizə ən böyük kömək vətəndaşların səbrli olmağı, qoyulan qadağalara ciddi şəkildə əməl etmələridir. Mənfur düşmən uşaqlar üçün olan oyuncaqlardan əldəqayırma partlayıcı qurğu düzəldib. Uşaqlar bunları götürdüyü zaman çox təəssüf ki bu partlayıcı qurğular işə düşərək onları öldürür. Bu da çox üzücü bir haldır”, - deyə o qeyd edib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin priotexnik və istehkam hazırlığı şöbəsinin kapitanı Süleyman Heydərov isə bildirib ki, vətəndaşlar polis nəzarət postlarından yayınaraq işğaldan azad edilən ərazilərə qanunsuz keçidi dayandırmalıdır.

“Hər bir kəs şüurlu şəkildə dərk etsin ki, qoyulan bu qaydalar dövlət tərəfindən onların təhlükəsizliyi nəzərə alınaraq qəbul edilib. Bu çətin işimizdə bizə ən böyük dəstək göstərən də məhz bu qaydaları anlayışla qarşılayıb, riayət edən vətəndaşlarımızdır”,- S.Heydərov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti