...

Bakıdan çıxan sərnişin avtobusu Ağdama çatıb (FOTO)

Gündəm 24 Yanvar 2022 12:45 (UTC +04:00)
Bakıdan çıxan sərnişin avtobusu Ağdama çatıb (FOTO)

Ağdam. Aslan Məmmədli -Trend:

Bakıdan çıxan 50 nəfərlik sərnişin avtobusu Ağdama çatıb.

Trend-in yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Ağdam-Bakı marşrutları start götürüb.

Səfər iştirakçıları ilk olaraq Pənahəli xanın 18-ci əsrdə inşa etdirdiyi İmarət kompleksinə gəliblər. Burada ermənilərin dağıtdığı Xurşidbanu Natəvanın məzarı və digər erməni vandallığına məruz qalmış tarixi abidələrlə tanış olublar.

Qeyd edək ki, İşğaldan azad edilmiş ərazilərə bu gündən sərnişin avtobuslarının müntəzəm reysləri başlayıb.

Reyslər Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa və Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası avtobus marşrutları ilə yerinə yetirilir.

Artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub.

Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.

Bakı-Şuşa-Bakı biletinin bir istiqamətə olan qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı biletinin bir istiqamətdə qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) biletinin bir istiqamətdə qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə (express) biletinin bir istiqamətdə qiyməti 5 manat, Füzuli BHL-Şuşa (express) biletinin bir istiqamətə qiyməti isə 6 manat təşkil edir.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə bilər. Bu məqsədlə "yolumuzqarabaga.az" portalı yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti