...

Vəkillər FHN hospitalının həbsdə olan sabiq baş həkiminə bəraət istədi

Gündəm Materials 9 Mart 2022 17:52 (UTC +04:00)
Vəkillər FHN hospitalının həbsdə olan sabiq baş həkiminə bəraət istədi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs İmran Ağayevin vəkili çıxış edib.

Müdafiəçi bildirib ki, İmran Ağayevin cinayətdə günahı sübuta yetirilməyib.

"İmran Ağayevin rəhbərlik etdiyi dövrdə xəstəxanada 9 min "Covid-19" xəstəsi sağalıb və ailəsinə təhvil verilib. İstər orda müalicə almış xəstələr, istər ictimai xadimlər aidiyyəti qurumlara müraciət edərək İmran Ağayevin azadlığa buraxılmasını xahiş ediblər. Məhkəmə istintaqında da İmran Ağayevin günahı sübuta yetirilməyib. Ona görə də məhkəmədən xahiş edirik ki, İmran Ağayev barədə bəraət hökmü çıxarılsın", - deyə vəkil bildirib.

Vəkil qeyd edib ki, məhkəmə istintaqında dindirilən şəxslər də İmran Ağayevə pul vermədiklərini, onu tanımadıqlarını bildiriblər.

Digər təqsirləndirilən şəxslərin də vəkilləri müdafiə çıxışlarında müvəkkillərinə bəraət istəyib.

Prosesdə təqsirləndirilən şəxslərə son söz verilib.

Onlar son sözündə özlərini ittihamlarla təqsirli bilməyib və məhkəmədən bəraət istəyiblər.

Prosesdə İmran Ağayevə son söz verilsə də, o bildirib ki, səhhətində problem yarandığı üçün çıxışa hazır deyil: "3-4 gündü özümü pis hiss edirəm. Bu gün də eləyəm. Xahiş edirəm növbəti prosesdə son söz deməyimə şərait yaradasınız".

Proses martın 11-də davam etdiriləcək.

Xatırladaq ki, dövlət ittihamçısı ötən prosesdə İmran Ağayevin 9 il, Rüfət Vəlizadənin 8 il 6 ay, Taleh İmanlının 8 il, Qulu Orucovun isə 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, istintaq zamanı İmran Ağayevin həmin vəzifədə işləyərkən müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat pul vəsaitini almasına, həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilib.

İmran Ağayevin fasiləsiz şəkildə müəssisəyə qəbul olunmalarına dair görüntü yaratmaqla COVID-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu “Medi Style” MMC-nə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət haqqı qismində ümumilikdə cəmi 51 min 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, İmran Ağayevin müxtəlif tarixlərdə verdiyi COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin (müəssisənin vəzifəli şəxsi) mütəmadi olaraq sərbəst şəkildə tibb müəssisəsinin inzibati binasını tərk edərək sərbəst şəraitdə hərəkət etməsinə şərait yaratmasına, həmin hərəkətləri ilə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozaraq xəstəliyin yayılması ilə bağlı ağır nəticələrə səbəb olan real təhlükə yaratmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan sübutlar əsasında İmran Ağayev və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti