Bakı. Trend:
Mayın 6-sı saat 17 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndində “Azəriqaz” İstehsalat Birliyinin (İB) əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat verilib.
Ağcabədi Rayon Prokurorluğunun Trend-ə daxil olan məlumatında bildirilib ki, araşdırmalarla kənd sakini Kamil Usubovun istehlak edilmiş təbii qaza görə yaranmış 504 manat məbləğində abonent borcunu vaxtında ödəmədiyinə görə “Azəriqaz” İB-nin nəzarətçi-çilingəri Rövşən Səfərov və digər əməkdaşlardan ibarət işçi qrupu xidməti vəzifələrini yerinə yetirərək təbii qaz borusundan sayğaca gələn xətti kəsərkən Kamil Usubovun onlara hücum edərək təhqir etdiyi, Rövşən Səfərova bir dəfə zərbə endirməklə sol yanaq nahiyəsinin kəsilmiş-cırılmış yarası xəsarəti yetirdiyi müəyyən olunub.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.