Bakı. Trend
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Trend xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Qəbələ rayonu, Qəmərvan kəndində fəaliyyət göstərən fiziki şəxs Nuralıyev Nuru Nəsrullah oğluna məxsus “Şəlalə” restoranında aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən edilib. Belə ki, müəssisənin gigiyena qaydalarına əməl etmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsində texnoloji ardıcıllıq və mal qonşuluğu prinsiplərinə riayət edilmədiyi, məişət tullantıları üçün hermetik zibil qablarının quraşdırılmadığı, həmçinin işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkar olunub. Müəyyən olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.