...

Alimpaşa Məmmədov maralların samanını, yemini icra nümayəndələrinə aldırırmış - Məhkəmə

Gündəm Materials 8 Dekabr 2022 17:47 (UTC +04:00)
Alimpaşa Məmmədov maralların samanını, yemini icra nümayəndələrinə aldırırmış - Məhkəmə
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Nural Əliyevin sədrliyi keçirilən prosesdə ittiham aktının elanı başa çatıb.

Alimpaşa Məmmədov mənimsəmə və rüşvət alma yolu ilə əldə edilmiş vəsaitlərin rayonda aparılan işlər üçün xərcləndiyini deyib.

Növbəti iclasda iş üzrə adı keçən şahidlərin dindiləməsinə başlanılacaq.

İttihama görə, Alimpaşa Məmmədov şahid qismində tanınan şəxslərin əksəriyyətindən xidməti otağında rüşvət alıb. Bundan başqa istintaq dövründə ifadə verən bir neçə kəndin icra nümayəndəsinin dediyinə görə, Alimpaşa Məmmədova məxsus fermadakı marallara onlar baxıblar. Belə ki, Alimpaşa Məmmədov maralların samanını, yemini icra nümayəndələrinə aldırıb.

Növbəti proses dekabrın 15-ə təyin olunub.

Xatırladaq ki, Alimpaşa Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti