...

Vətən sənə əmanətdir, qalib Ordunun qalib Əsgəri (REPORTAJ)

Gündəm Materials 27 Fevral 2023 16:17 (UTC +04:00)
Vətən sənə əmanətdir, qalib Ordunun qalib Əsgəri (REPORTAJ)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.

Trend-in çəkiliş qrupu Ağdam rayonu ərazisində dislokasiya olunan hərbi hissənin yerləşmə məntəqəsində Azərbaycan Ordusunun maddi-texniki təminatı, eləcə də hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub.

İşğaldan azad olunmuş ərazilərdə xidmət keçməkdən fəxr etdiyini deyən əsgər Mehman Möhsümzadə Vətənin keşiyində dayanmağın həm məsuliyyətli, həm də qürurverici olduğunu bildirib: “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməkdən qürur duyuram. Xidmətimiz üçün hərbi hissədə yüksək şərait yaradılıb. Hərbi qulluqçular ərzaq və əşya təminatı normalarına uyğun olaraq bütün təminat növləri ilə fasiləsiz təmin olunur. Ali təhsilli əsgər olaraq 8 aydır xidmət edirəm. Ailəm, dostlarım, yaxınlarım nigaran qalmasınlar. Buradan şəhid və qazı ailələrinə salam göndərirəm. Övladları şəhid və ya qazı oldu deyə üzülməsinlər. Onların hələ də bizim kimi Vətənə xidmət edən oğulları var. Qarabağ Azərbaycandır”.

Əsgərlərimiz döyüş mövqeyində olmaqla yanaşı, istirahət vaxtlarını da səmərəli keçirə bilirlər. Çünki burda əsgər üçün nə lazımdırsa var. Hərbi hissənin yerləşmə məntəqəsində əsgər yataqxanası, zabitlər və gizirlər otağı, tibb məntəqəsi, yeməkxana, camaşırxana, mətbəx, silah otağı, hamam-sanitar qovşaq, qurutma otağı, ərzaq və əşya anbarları, həyətdə qazanxana sistemi mövcuddur. Yerləşmə məntəqəsi lazımi inventar və avadanlıqlarla, mebel, yataq ilə təchiz edilib.

Əsgər yaxşı döyüşmək üçün həm də yaxşı qidalanmalıdır. Bu isə ən ali məqsəddir.

Hərbi hissənin yerləşmə məntəqəsindəki əsgər yeməkxanası müasir səviyyədədir. Təmiz və işıqlı yeməkxanada hərbi qulluqçulara bol enerjili, ekoloji təmiz və qida rasionuna uyğun yeməklər verilir. Aşpaz Afət Bağırova bildirir ki, altı ildir əsgərlərimizin milli xörəklərlə qidalanması işinə öz töhfəsini verir.

Onun sözlərinə görə, əsgərlərimiz üçün gündə 3 dəfə yemək bişirilir: "Səhər, günorta, axşam... Mərci supu bişirmişik. Günorta yeməyimiz toyuq əti ilə aşdır, öz balalarımıza necə hazırlayırıqsa, onlar üçün də elə hazırlayırıq. Bu, şərəfli işdir bizim üçün".

Hərbi hissənin yerləşmə məntəqəsində olarkən əsgərlərdən birinin doğum günü də qeyd edilir. 11 aydır işğaldan azad olunan ərazilərdə xidmət edən əsgər Əli Novruzovun 19 yaşı olur. Əsgərə doğum günü münasibətilə hədiyyə verilir. 19 yaşını Azərbaycanın işğaldan azad edilən torpaqlarında qeyd edən əsgərin şərəfinə nahar zamanı tort kəsilir.

Doğum günü olan əsgər Əli Novzurova Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun hədiyyəsi təqdim olundu.

Ad günü olan əsgərimiz Əli Novruzov bildirdi ki, ad günü çox gözəl qeyd olundu: "Digər ad günlərimdən fərqli oldu. Buradan komandirlərimizə və rəhbər heyətinə dərin minnətdarlığımı bildirirəm. Sağ olsunlar, çox gözəl doğum günü keçirtdim. Cənab nazir özü şəxsən mənə hədiyyə göndərib. Bununla fəxr edirəm, qürur duyuram. Ona da təşəkkürlərimizi bildirirəm buradan".

Sonra günün nizam qaydasına uyğun olaraq keçirilən döyüş hazırlığı məşğələləri ilə tanış olduq. Əsgərlər rabitə hazırlığı, mühəndis-istehkam hazırlığı, atəş hazırlığı və artilleriya üzrə təlim nöqtələrində peşəkarlıq səviyyəsini, döyüşə hazırolma vərdişlərini təkmilləşdirirdilər.

Azərbaycan ordusunun zabiti, kapitan Əli Nağıyevin sözlərinə görə, bu gün 1 nömrəli təlim nöqtəsində döyüş mövqelərində xidmət aparan əsgərlərimizə ordumuzun bölmələrində, xüsusilə, motoatıcı bölmələrdə silahlanmasında yer alan avtomat, snayper, pulemyot kimi silahları tədris olunur: "Həmin silahların taktiki texniki xüsusiyyətlərini, atış üsullarını və bəzi taktiki atəş hazırlıqları normativlərini öyrətməklə nəzəri biliklərini, vərdişlərini artırmaq üçün bir məqsədimiz var".

Vətən, yurd və torpaq seviləndə Vətən olur. Vətəndən başlayan bir günümüz vətənpərvər oğullarla necə keçdi, bilmədik. Bildiyimiz tək bir fakt var; o da ordumuzun Vətənimizin keşiyində, ayıq-sayıq dayanması... Bu fakt danılmazdır. Qucağında boy atdığın torpağının keşiyində möhkəm dayan qalib ordunun qalib əsgəri...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti