...

Qərb mediası qeyri-müsəlmanların törətdiyi cinayətləri daha az işıqlandırır - Şəfəq Mehrəliyeva

Gündəm Materials 16 Mart 2023 13:52 (UTC +04:00)
Qərb mediası qeyri-müsəlmanların törətdiyi cinayətləri daha az işıqlandırır - Şəfəq Mehrəliyeva
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qeyri-müsəlmanlar tərəfindən törədilən bütün cinayət və terror aktları Qərb mediasında daha az işıqlandırılır.

Trend-in məlumatına görə, bu barədə bu gün ADA Universitetində Media və Kommunikasiya üzrə proqram direktoru Şəfəq Mehrəliyeva "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan dünyəvi ölkə olsa da, ölkədə dindarlar heç vaxt hüquqlarından məhrum edilməyib:

"Lakin SSRİ-nin tərkibinə daxil olana qədər Azərbaycanda 2000 məscid var idisə, SSRİ-nin siyasəti nəticəsində onların sayı 15-ə çatmışdı, onların bir çoxundan da anbar kimi istifadə olunurdu", - Ş.Mehrəliyeva bildirib.

Onun sözlərinə görə, islamafobiya ilə mübarizə aparmaq lazımdır, xüsusən də bununla bağlı debatlar və panel müzakirələri aparmaq vacibdir, çünki insanlar həqiqəti bu yolla öyrənəcəklər:

"Qeyri-müsəlmanlar tərəfindən törədilən bütün cinayət və terror aktları Qərb mediasında daha az işıqlandırılır.

Onların “söz azadlığı” adlandırdıqları Qurani-Kərimin yandırılmasıdır. Müsəlmanlar buna qarşı çıxanda isə Qərbdə deyirlər ki, görürsünüz, biz onların aqressiv olduğunu demişdik”, - deyə o əlavə edib.

Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparırlar.

Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti