Bakı. Trend:
Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçiləri ilə bağlı beynəlxalq təşkilatlara çağırış edilib.
Trend-in məlumatına görə, bununla bağlı bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyində "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin mətbuat konfransı keçirilib.
Tədbirdə təşkilata üzv olan itkin düşmüş 15 şəxsin ailə üzvləri və müharibə qurbanları sahəsində fəaliyyət göstərən QHT nümayəndələri iştirak edib.
Mətbuat konfransının sonunda 2023-cü ilin aprel ayında yolu azaraq Ermənistan ərazisinə keçmiş ve orada saxlanılmış Azərbaycan hərbçilərinin Azərbaycan tərəfinə verilməsi barəsində beynəlxalq təşkilatlara çağırış edilib.
İtkin ailələri adından bəyan edilib ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın parlaq, tarixi qələbəsi 30 il ərzində gözü yolda qalan itkin ailələrinin yeni bir ümid bəxş etmişdir və itkin ailələri dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasəti müdafiə edir və dəstəkləyir.