...

Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək - DİN

Gündəm Materials 24 Sentyabr 2023 13:59 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

20 sentyabrda əldə olunmuş razılaşmaya uyğun olaraq, silahı yerə qoyaraq tərksilah və tərxis olunan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycanın Qarabağ bölgəsindən Laçın-Xankəndi və Kəlbəcər-Basarkeçər istiqamətində çıxışı təmin ediləcəkdir.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, keçidin təmin olunması üçün avtobuslar və şəxsi nəqliyyat vasitələrindən istifadə olunacaqdır.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti