Bakı. Trend:
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Xorvatiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin siyasi məsələlər üzrə dövlət katibi Frano Matuşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Trend xəbər verir ki, görüş zamanı Azərbaycanın üzləşdiyi mina probleminin miqyası, mina partlayışlarının insanların həyat və sağlamlığına törətdiyi ciddi fəsadlar, minaların dağıdılmış, viran edilmiş ərazilərdə icra edilən bərpa-quruculuq işlərinin gedişatına yaratdığı maneələr, eləcə də icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə nümayəndə heyətinə məlumat verilib.
Frano Matuşiç işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz
mühitin yaradılması istiqamətində icra edilən, çox həssas və çətin
fəaliyyət olan minatəmizləmə əməliyyatlarının, habelə yenidənqurma
işlərinin dayanıqlı inkişaf məqsədləri ilə əlaqəli icrasının müsbət
göstərici olduğunu bildirib.
Görüşdə, iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi,
xüsusilə də ölkəmiz üçün priotitet sahə olan humanitar
minatəmizləmə istiqamətində fəaliyyətin gələcək inkişaf
perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bu sahədə
ixtisaslaşmış Xorvatiya şirkətləri ilə Agentliyin mümkün təcrübə
mübadiləsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, ANAMA və Xorvatiyanın müvafiq qurumları arasında minatəmizləmə sahəsində uzun illərə dayanan faydalı əməkdaşlıq tarixçəsi mövcuddur. 2012-ci ildə hər iki ölkə rəhbərinin iştirakı ilə “Azərbaycan Respublikası hökuməti və Xorvatiya Respublikası hökuməti arasında minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb