Bakı. Trend:
Mayın 28-də vəfat edən ehtiyatda olan general-mayor Dadaş Rzayev İkinci Şəhidlər xiyabanında son mənzilə yola salınıb.
Trend xəbər verir ki, dəfn mərasimində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi və Müdafiə Nazirliyinin digər rəhbər heyəti, mərhumun ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ehtiram ənənələrinə uyğun olaraq hərbi orkestrin müşayiətilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, D.Rzayev son mənzilə yola salınıb, məzarı üzərinə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı əbədi xatirə kimi saxlanılması üçün mərhumun ailəsinə təqdim edilib.
Mərasimdə D.Rzayevin həyat və xidmət yolu haqqında danışılıb. Qeyd olunub ki, o vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif orden və medallara layiq görülüb.
Vurğulanıb ki, general-mayor D.Rzayev xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində daim yaşayacaq.
xxx
09:18
Azərbaycan Respublikasının sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev vəfat edib.
Dadaş Rzayevin yaxınlarının Trend-ə verdiyi məlumata görə, sabiq müdafiə naziri uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, D.Rzayev 22 dekabr 1935-ci ildə Goranboy rayonunda doğulub.
1993-cü ildə cəmi 4 ay Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində işləyib. 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib. 2015-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.