Bakı. Trend:
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan
respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə
plana əsasən, Qazaxıstanın Aktau şəhərində keçirilən "Birləşdik -
2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin
təntənəli açılış mərasimi keçirilib.
İştirakçı ölkələrin hərbi qulluqçuları, media nümayəndələri və
digər qonaqların qatıldığı tədbirdə təlimə cəlb edilən heyətin
təmsil olunduğu ölkələrin dövlət himnləri səsləndirilib, dövlət
bayraqları qaldırılıb.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və
Özbəkistan respublikalarının təlimdə iştirak edən hərbi
qulluqçularının təntənəli keçidi olub.
Açılış mərasimində çıxış edənlər qonaqları salamlayaraq bu cür
təlimlərin keçirilməsinin birgə fəaliyyətlərin planlaşdırılması və
qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb
etdiyini vurğulayıb, təlim iştirakçılarına uğurlar
arzulayıblar.
Çıxışlardan sonra iştirakçılar üçün hazırlanan konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, "Birləşdik - 2024" beynəlxalq təlimində ölkəmiz Quru Qoşularının, Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları, gəmi və aviasiya vasitələri ilə təmsil olunur.