Bakı. Trend:
İranın qənaətincə, Cənubi Qafqazda təhlükəsizlik xarici müdaxilələr olmadan region ölkələri tərəfindən təmin olunmalıdır.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İranın Azərbaycan və Ermənistanla münasibətləri önəmli münasibətlərdir və Cənubi Qafqazda təhlükəsizlik İran üçün böyük əhəmiyyət kəsb edir.
“İran hər bir potensialdan bu önəmli bölgədə təhlükəsizliyin qorunması və yüksəldilməsi üçün istifadə edir. İranın Ali Milli Təhlükəsizlik Şurası katibi Əli Əkbər Əhmədianın sözügedən iki ölkəyə səfəri iki ölkə arasında dialoqun möhkəmləndirilməsinə kömək etmək istiqamətindədir.
"3+3" formatı kimi proseslər bölgədə sülh və sabitliyin qorunmasına kömək edə bilər və İran bu prosesin davam etməsinə kömək etməyə hazırdır”, - deyə o bildirib.