Bakı. Trend:
7 fevral 2025-ci il tarixində Astanada, Milli Muzeydə,
Qazaxıstan Respublikasının sədrliyi və təşkilata Üzv Dövlətlərin
Mədəniyyət Nazirliklərinin iştirakı ilə Türk Mədəniyyəti və İrsi
Fondunun ikinci Şura Toplantısı keçirilib.
Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, iclasda Fondun prezidenti Aktotı Raimkulova Türk
dövlətləri başçılarının göstərişinə əsasən “Türk Dünyasına Baxış
2040” sənədi və TURKTIME təşəbbüsünün rəhbərliyi altında türk
mədəni irsinin dünya arenasında qorunması, inkişaf etdirilməsi və
gələcək nəsillərə ötürülməsi sahəsində təşkilatın strateji
istiqamətləri barədə məlumat verib. Həmçinin, 2024-cü il üzrə
Fondun fəaliyyətinə dair ətraflı hesabat təqdim olunub.
Eyni zamanda toplantı çərçivəsində iştirakçılara Fondun 2025-2026-cı illər üzrə Fəaliyyət Planları barədə ətraflı təqdimat keçirilib.
Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya naziri Aida Balayevanın sədrliyi altında keçirilən Fondun ikinci Şura Toplantısında Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev, Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və Türkiyə Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Kapucu, eləcə də Türk ölkələri dövlət orqanlarının nümayəndələri iştirak edib.
İclasın yekunlarına əsasən təşkilata üzv ölkələrin nümayəndələri tərəfindən Fondun 2024 – cü il üçün fəaliyyətinin yüksək qiymətləndirilməsi, təşkilatın 2025-2026-cı illər üçün Fəaliyyət Planlarının təsdiq edilməsi daxil olmaqla Protokol imzalanıb.
Qeyd etmək lazımdır ki, Şura toplantısının nəticələri Türk dövlətləri arasında mədəni əməkdaşlığın inkişafında vacib bir addım olacaq, mədəni mirasın qorunması sahəsində əməkdaşlığı gücləndirəcək və beynəlxalq layihələrə yeni bir təkan verəcəkdir.