...

Azərbaycanın partiya sədrinin oğlu Moskvada həbs olunub

Hadisə Materials 26 Mart 2008 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 mart / Trend , müxbir E.Hüseynli, S.İlhamqızı/ Azərbaycanın müxalifətçi Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov dünən gecə Moskva aeroportunda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Bu barədə Trend a Ədalət Partiyasının mətbuat xidmətinin rəhbəri Elxan Şükürlü məlumat verib.

Onun sözlərinə görə, Federal Təhlükəsizlik Xidmiətinin əməkdaşları Etimad İsmayılovu 1 il əvvəl Moskvada erməni iş adamının qətlə yetirilməsi ilə əlaqədar saxlayıblar.

İsmayılovun saxlanılması ilə əlaqədar Ədalət Partiyası vəkil tutub və vəkillər artıq Moskvadadırlar.

Ədalət Partiyası, İsmayılovun vəkilləri ittihamları qəbul etmir, Etimad İsmayılovun günahsız olduğunu bildirib və bunu ermənilərin əli ilə azərbaycanlı iş adamını ləkələmək cəhdi kimi qiymətləndirib.

Elxan Şükürlü bildirib ki, Rusiyada fəaliyyət göstərən başqa bir şirkət İsmayılovun rəhbərlik etdiyi "Avrasiya Sənaye-Maliyyə Qrupu" şirkətinə bir milyon dollar borcu var. Bununla əlaqədar Rusiyada məhkəmə qərarı da var. Şükürlünün sözlərinə görə, qarşı tərəf bu pulu ödəməkdən yayınmaq üçün İsmayılovu ləkələməyə, onun həbs olunmasına cəhd göstərir.

"Hazırda vəkillər Etimad İsmayılovun hansı səbəbdən həbs olunmasını, onun barəsində irəli sürülən ittihamları araşdırırlar"-deyə Şükürlü bildirib.

Azərbaycanlı iş adamı Etimad İsmayılov Rusiyada fəaliyyət göstərən "Avrasiya Sənaye-Maliyyə Qrupu" şirkətinin rəhbəridir. O, Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovun oğludur.

Xəbər lenti

Xəbər lenti